Rafiq Oday foto

Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız.

Heydər Əliyev,
Ümummilli lider

Rafiq ODAY – şair, publisist

(SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri respublikanın Əməkdar jurnalisti)

2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başlamışdır. Fond Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkməklə respublikada rezonans doğuran layihənin əsasını qoymuşdur. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağac əkilmişdir. Bu gözəl təşəbbüs bu gün də davam etdirilir.

İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ

“Hərəmiz bir ağac əkək” təşəbbüsünə qoşulanların
çağırış Marşı

Həzindən həzindi, kövrəkdən kövrək,
Qışında qar istə, yazında çiçək,
Adi böcəyin də nazını çəkək,
Hər şeydən baş sayaq bu ülfəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Yeraltı, yerüstü varı bizimki,
Min cürə bəhrəsi, barı bizimki,
Alması, heyvası, narı bizimki,
Daha da bol edək bu sərvəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Ürəyin atəşi, közüdü elə,
İnsanın zehnidi, gözüdü elə,
Təbiət cənnətin özüdü elə,
Yaradaq, yaşadaq bu cənnəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Qayğı var, yerinə can verəndi o,
Arzuya, murada yetirəndi o,
Daşda da gül-çiçək bitirəndi o,
Ondan pay almışıq məhəbbəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Hər yarpaq bir udum nəfəsdi bizə,
Hər budaq ilhamdı, həvəsdi bizə,
Ağacsız bu dünya qəfəsdi bizə, –
Car çəkək dünyaya həqiqəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Hərəyə bir ağac əkək, sevinək,
Sonra qayğısını çəkək, sevinək,
Gülsün üzümüzə çiçək, sevinək,
Qəlblərə köçürək hərarəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Bu gündən sabaha inam daşıyar,
Su çıxar, sevgiylə, inan daşı yar.
İnsan gözəlliklə gözəl yaşayar,
Dildə şüar edək bu hikməti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Yüksəliş yoludur yolu Öndərin,
Bizlərik qanadı, qolu Öndərin,
Bizə əmanəti Ulu Öndərin,
Vətəndir – hifz edək əmanəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.