1423889445_esmer

RUHUM İLLƏR YORĞUNU…

Açılmayan bir səhərin sorağıyla
yumuram gözlərimi.
Səhər ruhumun səhəri…
Tale yüklü ürəyimdən qələmimə axıb gələn
sıraladım sözlərimi,
O söz ruhumun qəhəri…
Dolub sinəm arzulanmaz arzularla
Fikrim qanadlanıb uçur
arzulardan-arzulara
Yol çəkərkən baxışlarım
ən ucqari bir nöqtəyə
Kimsə bilmir,tuşlanıbdır nəzərlərim
Xoşbəxtlik adlı zirvəyə.
Xəyalımda addım-addım o zirvəyə yol aldıqca
Ürəyimdə ümidlərim yavaş yavaş puç olduqca
Təzadlığın ən dolaşıq düyününə
rast gəlib ürəyim, ruhum…
İndi söylə, xəyallarım,
Arxanca mən hara uçum?…

Yorğun düşüb ürəyimdə ən ülvi hiss
Çarəsizdir əl atdığım hər çıxış yolu, çarəsiz…
Çox çırpındım, çabaladım.
Fikrimi tökdüm qarşıma,
Gah dağıtdım, topaladım,
Yenə bir şey alınmadı
bunca qatı düşüncədən.
Pərvazlanan xəyalların qanadından
düşüncə mən,
Hiss edirəm ürəyimi əldən salan
o duyğunu…
Duyğulara əsir olan ruhum,
illər yorğunu…

MƏHƏBBƏT

Məhəbbət bir dənizdir,
Sahilləri olmayan…
Məhəbbət bir dalğadır,
İpə-sapa yatmayan…
Məhəbbət sərt qayadır,
Çox məğrurdur, əyilməz,
Məhəbbət bir alovdur,
Yanğısına dözülməz…
Bir gilədir məhəbbət,
Heç gözə görünməyən.
Hərdən də bir oğrudur,
Ürəklərə girərkən,
İzi də bilinməyən.
Bəzən bir ələm olar,
Bəzən onun dərmanı.
Bəzən bir təbib olar,
Bəzən ölüm fərmanı.
Kiminsə nəzərində
o bir yaşıl yarpaqdır.
Kimi deyir əslində
quruca bir budaqdır.
O bəzən həsrət olur ürəklərin gözündə.
O bəzən nifrət olur,
Xəyanətə uduzan sevgilərin
dilində.
Məhəbbət dəfinədir,
Gizlənib ürəklərdə…
O gah zirvə, gah da ki,
Çıxılmaz bir quyudur.
Kamilliyə gedən yol,
məhəbbətin yoludur.
Səncə nədir məhəbbət?
Nədir onu dillərdə
bu qədər edən şöhrət?…
-Məhəbbət bir nemətdir,
Bərəkəti tükənməz.
Sevməyi bilməyənə
Allah məhəbbət verməz.