XATİRƏ QALACAQ

Bir yol olub, yürüdüyüm illərim,
Sirdaş olub mənə,ötən günlərim.
Yazdığım hər misralarım,sözlərim,
Bu ömürdən bir xatirə olacaq.

Enisli-yoxuşlu uzanan yollar,
Güvənli dağlara yağan o qarlar,
Yaşanan uğurlar,həm imtahanlar,
Bu ömürdən silinməz iz salacaq.

Yaşanan illərin qışı, həm yazı,
Vusalın sevinci, hicranın yası,
Ürəkdən süzülub gələn hər yazı,
Bu ömürdən bir gün daha alacaq.

Həyat öz köçünü çəkib gedəcək,
Kimlər ağlayacaq,kimlər güləcək?
Günun birindəysə hər şey bitəcək,
Bu ömürdən tək nişanə qalacaq.
Bu ömürdən, bir xatirə qalacaq.

SEVGİ NAĞILI

Bir sevgi nağılı danış sən mənə,
Orda həsrətlərdən söz açılmasın,
Xoşbəxt sevgilərsə yarı qalmasın.
Bir sevgi nağılı danış sən mənə.

Orda həm sədaqət,həm vəfa olsun,
Sevinc yaşlarıyla gözlər də dolsun.
Yasanan hər sevgi bir örnək olsun,
Bir sevğı nağılı danış, sən mənə..

Məcnunlar Leyliyə həsrət qalmasın,
Fərhad min əzabla külüng çalmasın,
Züleyxa Yusifsiz qəmə batmasın,
Bir sevgi nağılı danış, sən mənə.

Əzrayıl qapını vaxtsız döyməsin,
Fərizə eşq üçün kəfən biçməsin,
Sevgilərin sonu belə bitməsin,
Bir sevgi nağılı danış, sən mənə.

Güvənli dağlara qarlar yağmasın,
Xəyanət kəlməsi heç anılmasın.
Vusalın yolları bağlı qalmasın,
Bir sevgi nağılı danış, sən mənə.

Nağıl dünyasına qonaq olsam da,
Bir gün bu həyatla vidalaşsam da,
Daha nağıllara inanmasam da,
Bir sevgi nağılı danış, sən mənə.

GEDİRSƏN

Yenə görüşünə gəlib dostların,
Bu görüş -acı bir tarix yazacaq.
Hər görüş xoşbəxtlik deyilki,ustad,
Qələm də bir vida şeirin yazacaq..

Qəsdimə dayanan bu zalım ay da,
Səni də bizlərdən alıb aparır.
Ruhun bizimlədir,cismin yol üstdə,
Ömür də öz köçün çəkib aparır.

Dəvətinə gəlib, səni sevənlər,
Ölümə-“xoş gəldin”,deyib gedirsən.
Qəlbimdə acı bir fəryad yüksəlir,
Qonaqların gəlib, hara gedirsən..?!

Ülviyyə Vahid