Məhəbbət bir dənizdir,
Sahilləri olmayan…
Məhəbbət bir dalğadır,
İpə-sapa yatmayan…
Məhəbbət sərt qayadır,
Çox məğrurdur, əyilməz,
Məhəbbət bir alovdur,
Yanğısına dözülməz…
Bir gilədir məhəbbət,
Heç gözə görünməyən.
Hərdən də bir oğrudur,
Ürəklərə girərkən,
İzi də bilinməyən.
Bəzən bir ələm olar,
Bəzən onun dərmanı.
Bəzən bir təbib olar,
Bəzən ölüm fərmanı.
Kiminsə nəzərində
o bir yaşıl yarpaqdır.
Kimi deyir əslində
quruca bir budaqdır.
O bəzən həsrət olur ürəklərin gözündə.
O bəzən nifrət olur,
Xəyanətə uduzan sevgilərin
dilində.
Məhəbbət dəfinədir,
Gizlənib ürəklərdə…
O gah zirvə, gah da ki,
Çıxılmaz bir quyudur.
Kamilliyə gedən yol,
məhəbbətin yoludur.
Səncə nədir məhəbbət?
Nədir onu dillərdə
bu qədər edən şöhrət?…
-Məhəbbət bir nemətdir,
Bərəkəti tükənməz.
Sevməyi bilməyənə
Allah məhəbbət verməz.