Pərvanə İsmayılova
Getdin bir qış günü sorğu-sualsız,
Qorxdum baharı tək çağıram sənsiz.
Hicranın həsrətli yağışı kimi,
Özgə çöllərinə yağıram sənsiz.
Elnur Coşqun
Cismim köçüb ruham,dönüb bir quşa.
Gecələr yuxuna gəlsəm, bağışla.
Səni xəyalınla qoyub baş-başa,
Bütün həyatından getsəm, bağışla.
Pərvanə İsmayılova
Bir zaman səninlə qoşa gəzdiyim,
O zülmət yolları keçirəm sənsiz.
Sənli günlərimi yadıma salıb,
Eşqin zəhərini içirəm sənsiz.
Elnur Coşqun
Demişdim,ayırar bizi bu ölüm,
Özümtək adımı,gəl qəlbində göm.
Özümü nə vaxtdan unutdum, gülüm!
Səni də unuda bilsəm, bağışla.
Pərvanə İsmayılova
Lal bir külək kimi əsmək istərkən,
Leysan yağışlara dönürəm sənsiz.
Bu qəmlə,kədərlə gündən-günə mən,
Əriyib şam kimi sönürəm sənsiz.
Elnur Coşqun
Yamanca titrədir, həsrət duyğunu,
Niyə belə oldu,bu eşqin sonu?
Sənə söyləmişdim,əvvəldən bunu,
Demişdim,demişdim, ölsəm,bağışla..