Nə qədər yanımdasan,
Vaxt itirmə, əylənək,
Ürəyimizi boşaldaq, danışaq,
Lazım olsa savaşaq,
Əsas odur ayrılığa çatanda
İkimiz də gülümsəyək.
Burnum it burnu olub.
Ayrılığın qoxusun
İt kimi hiss edirəm.
Cəhənnəm hər nə olsa
Acizlik göstərməyək,
Bir az vüqarlı olaq.
Sevgiyə son qoyulsa,
Dostluğa əl uzadaq.
Ayrılığa baxanda
Həsrət bir az çətindi.
Hələ səssiz gecədə,
Hər kəs yatan bir vaxtda,
Qaranlıq bir otaqda,
Dizlərini qucaqla…
Sənsizliyi bir yaşa!…
Gördün necə çətindi?…
İndidən hiss edirəm!…
Hər şey cəhənnəm olsun.
Səni dəhşət sevirəm.
Kaş bədənində gəzən
Ruhun da mən olaydım.
Mənə məxsus dediyin
Ürəkdə döyünərdim.
Baxdığın bu dünyayı
Açılan sabahları
Gözlərinlə görərdim.
Hissində, düşüncəndə
Bir az məni bilərdim.
Bir etiraf da edim.
Hərdən əsəbləşəndə
Bütün acığımı
Gəlib səndən çıxaram.
Əlim də çatmayanda,
Ən pis söyüşlərimi
Sənə ünvanlayaram.
Sonra peşman olaram.
Yenə diz qucaqlayar,
Pəncərədən boylanar,
Yenə boş bir otaqda,
Səssizcə ağlayaram.
Təkliyə qorxu olmaz!…
Bircə şeyə əminəm,
Ayrılığı duyana,
Ayrılıq çətin olmaz…