11017528_447704908733924_2122182663440572457_n

Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Həyat bu qədər sadə…

Bu küçə də
Axırıncı vaqon kimi
Boşaltdı adamlarını.
Və bu gecə də
Qaranlıq qara kəlağayını
Saldı şəhərin boynuna.
Yol boyu uzanan gecə işıqları
Açdı gözlərini.
Külək deyinə-deyinə
Oyatdı yuxudan yarpaqları.
Yəni,
Həyat bu qədər sadə,
Həyat bu qədər təkrar.
Amma ürəyimdə
Təkrarlanmayan biri var.

Sən axı bilmədin

Sən axı bilmədin
Mən səndən sonra
Necə yalnız qaldım.
Baxdım o sən gedən
Yolun ardınca,
Bir əl, iki göz qaldım.
Hər üşüyən axşamlarda
Üşüdüm səndən ötəri.
Göz yaşımı yanağıma
Daşıdım səndən ötəri.
Sən axı bilmədin, daha heç kimə
“ Sarı qız ” olammadım,
“ Sarı saçlı qız ” oldum.
Sənsiz qaralan gecəyə
Ay oldum, ulduz oldum.
Ehh!
Özüm də bilmirəm
Hardayam indi,
Bəlkə də buludlar
Yağacaq məni.
Torpağın bətninə
Düşmüş meyidəm,
Torpaq qəbir kimi
Doğacaq məni.