Dilindədir yüz naləsi,min ahı,
Bilməyirəm,nədir suçu,günahı,
Hey səsləyir peyğəmbəri,Allahı,
Bu gözəlin nə dərdi var,görəsən?
Gözlərindən tökülür yaz yağışı,
Qüssə dolu,kədər dolu baxışı.
Yeri,göyü yandıracaq qarğışı,
Bu gözəlin nə dərdi var,görəsən?
Kim dağ çəkib,kim qanadıb yarasın,
Yarı ölüb,itiribmi balasın?
Kim incidib,Tanrı versin bəlasın,
Bu gözəlin nə dərdi var,görəsən?
Rəngi qaçmış,qəm içində boğulmuş,
Bir gecədə qara saçı ağ olmuş.
Bəlkə yurdu,el-obası dağılmış,
Bu gözəlin nə dərdi var,görəsən?
Çarəsizdir,bilməyir ki,neyləsin,
Yardım etsin,kimsə kömək eyləsin.
Bilən varsa,bir mənə də söyləsin,
Bu gözəlin nə dərdi var,görəsən?