1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SƏN ELƏ BİLDİN Kİ, EŞQ SƏLTƏNƏTDİR…

Sən elə bildin ki, eşq səltənətdir,
Hər axşam üzümə qapı bağladın.
Qonşu elçi gəldi, baş barmağına
Mənim rənglədiyim sapı bağladın.

Dünən düşüb itib nişan üzüyün,
Bilirəm, dünəndən əlin üşüyür.
…Mənim də gözümdə məndən nigaran
Bir ruhu havalı gəlin üşüyür…

Könül vəsf eləmir sən deyən sözü,
Götür nəyin varsa, canımdan gen dur.
…Tanrı, insaf elə, köç vədəsidir,
Bu gün bu xınalı xanımdan gen dur!
SÖZ TA MƏNİM ÜÇÜN SAPAND DAŞIDIR

Söz ta mənim üçün sapand daşıdır,
Ruhum kövrək olur özümün hərdən.
Nədən ayrı düşdük Göylə Yer kimi?!
Ətəyin su basır gözümün hərdən.

Daha bu arzunun duvağın dartma, –
Vüsal kal baxışçun duru təmənna.
Kaş heç bilməyəydik məhəbbət nədir,
Sevdik, nə qazandıq: quru təmənna…

Bir çevrə içində iki kölgəyik,
Həyat çox çıxardıb qırağa səni.
Sənin atan ölsün, mənim qaynatam,
Kimsə dolamasın çırağa səni…
…GÖZ YAŞINI AĞ-QARA ÇAP ELƏ…

…Göz yaşını ağ-qara çap elə…
Gözlərimi rəngli sevdalara
alışdıra bilməmişəm…
Bilirsən, sevgi –
qoxusu tez dağılan ətir kimidi.
Acığını damımızın üstünə tökmə,
ruhumu ürküdür baxışın.
Bir də, hicranın oduna düşmə,
Həsrət çətir kimidi…
Yad sevgilər də yağlı fətir kimidi –
tez ovulur…
DƏRD MƏNİ ÜŞÜDÜR YAZ QARI KİMİ

Dərd məni üşüdür yaz qarı kimi,
Bir yandan qəm salır tuzağa, tez gəl.
Qurtarmır fələklə haqq-hesabım, qız,
Bir köç başlamışam uzağa, tez gəl.

Yuxu duza qoyub gözümü sanki,
Acgöz quzu kimi baxır bulud da.
Hardan eşidib ki, görüşümüz var?
Mənim acığıma çaxır bulud da……

Yaman kövrək olub özgə baxışlar,
Hicran neçə qəlbdə zəlidi, vallah……
Ta köç uzaqlaşır, mən getməliyəm,
O qıza deyin ki, dəlidi, vallah.
QƏFİL BALTALAMA, ADAM, KÖTÜYÜ

Bəsdir gözlərimi qınağa çəkdin,
Bu lal pərvanələr şamdan yıxılıb.
Qonşu qız köçüncə, bir Allah bilir,
Ruhum neçə kərə damdan yıxılıb.

Çətiri islanıb tindəki qızın,
Bir qapı açan yox, üstün quruda.
Yazıq bu yağışdan qurtula bilmir,
Gedə, yalqızlığın büstün quruda.

Qəfil baltalama, adam, kötüyü…
Tanrı ruzusudur kömür adamçün.
Qopur yuxuların qara layları,
Keçmiş xatirədi ömür adamçün.

Yuxular ölümün uşaq forması,
Fələk heç durmur ki, sözünün üstə.
…Qaşların ağappaq ağarıb, gözəl,
İki vergül qoynan gözünün üstə.
ALLAH, BU ƏZABIN YOLUNU UZAT!

Bir az yaxın otur canıma bu gün,
Götür yaylığını, nəmə batmışıq.
Gözün qapı deyil, üzümə örtmə,
Görən elə bilər qəmə batmışıq.

Ruhun yarpaq kimi yüz rəngə çalır,
Nolar, ay insafsız, qolunu uzat…
Mən vaxtsız gəlmişəm bu yer üzünə,
Allah, bu əzabın yolunu uzat!

Uzağa aparır bir kölgə məni,
İndi bu ləpiri silim ki, yadsan?!
Aç o gül ağzını, bir kəlmə söz de,
Barı heç olmasa bilim ki, yadsan.
EŞQ DƏRDİN SONUNCU MƏRTƏBƏSİDİ…

Eşq dərdin sonuncu mərtəbəsidi…
Qəlb ora adamı dillə çıxardır.
Yuxuda gördüyüm alagöz gəlin
Göz yummur, elə bil çillə çıxardır.

Mənim də içimdə eşq odu sönüb,
…Eh, mənə bu kəndin havası düşmür.
Anam ocaq çatır, külək söndürür,
Anamla küləyin davası düşmür…

İştahı çoxalır qonşu qızın da,
Az qalır çəpərdən tullanıb gəlsin.
…Ruhuma deyin ki, ürək tab etmir,
Getsin, yad şəhərdə pullanıb gəlsin.