Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bugünədək bir çox tanınmış şair və yazıçılar qoşularaq, əsərlərini təqdim etmişdilər.
Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) bu mövzuda bir neçə gün əvvəl də şeiri ilə aksiyaya qoşulmuşdur. Karantin rejimi davam etdiyi üçün və mövzu aktual olduğundan şairin növbəti şeirini oxuculara təqdim edirik.
EVDƏ QAL EE, EVDƏ QAL!
Anlamırıqmı hələ, hansı bəla tuş gəlib?!
Xanə xərab etməyə bir yeni bayquş gəlib!
Vermiş ona canını, çoxları bihuş gəlib!
Ya iliş o dərdə sən, gəl, bizi də dərdə sal,
Ya sözə bax, millətim, evdə qal ee, evdə qal!
Əlbir olaq, ay balam, tez bitirək bu işi,
Yaxşı sabunlan canım, eylə bu cür vərdişi,
Baxma mənə qıyğacı, gülmə yenə kişmişi,
Yolxucuya tuş gəlib, olmayasan halbahal,
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Çox deyirik, bir çoxu amma bəla sanmayır,
Guya zarafatdı bu, hər sözə aldanmayır,
Hər nə qədər başə sal, anlamayır, qanmayır,
Fərq eləməz ki ona, beynin apar – zurna çal!
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Kimdisə, icad edib, guya həmin virusu,
Bəlkə bu bir qurğudur, kimsələrin qurğusu!
Vəlvələmi, zəlzələ, fərq eləməz doğrusu,
Gər ilişirsə sənə, çarəsini tap, sağal,
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Dostlarımız öyrənib, yazdı o gün çarəsin:
Ağlı olanlar baxıb bir balaca dinləsin,
Meyvə, tərəvəz yeyib, zəncəfili çeynəsin!
İsti suya soda qat, həm də limon doğra, sal!
İç onu, ey millətim, evdə qal ee, evdə qal!
Hər kəsi quc-quc edib, vermə daha əl-ələ,
Bir belə maç-maç nədi, busələri ləğv elə,
Köksüvə qoy əlləri, təzim elə, bax, belə!
Kimsəni çimdikləyib, salma daha qalmaqal,
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Bəxtimizə gün doğar, həm bu bəla yan keçər,
Bax bu çəmənikdə o güllər açar tazə, tər!
Tazə gülüstanda həm də Ələmi bəxtəvər
Badəsini qaldırıb, şer oxuyar dalbadal,
Amma, gülüm, get hələ, evdə qal ee, evdə qal!
30.03.2020