Bu pak eşqimizlə bir dastan yazaq,
Ən xoşbəxt anında sevirəm denən.
Sevgi ki, azaddır, buxovdan uzaq,
Hamının yanında sevirəm denən.
Nə qədər təriflər deyim şəninə,
Göydəki Günəş, Ay heyrandır sənə,
Vüsal libasını geyin əyninə,
Gəlinlik donunda sevirəm denən.
Həyat yollarında verib baş-başa,
Birgə addımlayaq, iz salaq qoşa.
Mən köçsəm dünyadan, sən hələ yaşa,
Ömrümün sonunda sevirəm denən.
Ürək parçalanar, olar yüz bölüm,
Bizi ayırarsa bir qəfil ölüm.
Barı ayda-ildə bir yol gəl, gülüm,
Qəbrimin önündə sevirəm denən.
Bu gün bir insanıq, sabahsa torpaq,
Sevginin saflığın hər an saxlayaq.
Yenidən dünyaya bir də qayıtsaq,
Axirət günündə sevirəm denən.