11041661_10205003020335559_6794674678892182115_n

Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır…
Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir.
Unutmayaq ki, ölkəmiz şərqdə ən demokratik, ən mədəni dövlətlərdən biri olub, qadın hüquqları, qadına hörmət, namus, qeyrət və əxlaq, özünə tənqidi yanaşmaq mövcud idi, nöqsanlarımızı düzəltməyə çalışırdıq, yaxşı insan olmağa, insanlara kömək etməyə çalışırdıq. Bəs indi necə olmuşuq biz insanlar, bu cəmiyyəti formalaşdıranlar…
Hər şey insanın ilk növbədə, özündən, sonra kiçik dövlət olan ailəsindən başlayır. Seçimləri insan özü, özü üçün, sonra ailəsi və ailəsi üçün edir…

İndiki mədəniyyətimizdə mədəniyyətdən, mədəni niyyətdən nə qalıb axı?
– Biz insanlar və cəmiyyətimizin üzvləri nadan olmağı, ələ salmağı, təhqir etməyi, söyüş söyməyi, təhsili “görüntü yaratmaq” və sadəcə əlinə “diplom almaq” üçün almağımız, həyatı və insanları pul, maddi meyarlar ilə ölçməyimiz də indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Təhsil insanın özünə lazımdır. Bir gün gələcək, nə sənin pulun, güclü dayağın-arxan olmayacaq bu dünyada, irəli getmək, zirvəyə qalxmaq, məqsəd və arzularına çatmaq üçün ancaq savadın, biliyin və iş təcrübən tələb olunacaqdır! O zaman savadlı insanlar olan seçim mərhələsində sən məğlub olacaqsan və başlayacaqsan, hər kəsi günahkar bilməyə! Halbuki günahkar özünsən!Çünki təhsil almaq, oxumaq əvəzinə, seriallara baxırdın, “qız tutmaq” və oğlan dostlarının yanında lovğalanmaq üçün qadın və qızlardan gözünü çəkmir, ağzının suyunu axıdırdın hər yerdə, “tutar qatıq, tutmaz ayran” prinsipi, “keyf elə, avaralan” devizi ilə, planşetdə, noutbookda porno sayt və videolar, aqressiv oyunlar oynamaqla, yaşayırdın həyatını… Səviyyəsizliyini göstərib təhqir, söyüş, qeyri-etik hərəkət və sözlərin vəhdəti səndə olurdu, sonra da başqalarını qınamağa başlayırdın, özünü təmizə çıxartmağa çalışırdın…Keçirdin tənqid etməyə səhiyyəmizi, təhsilimizi və s. sahələri, orada inkişafın olması üçün, o sahələrdə çalışanların gərək biliyi, savadı, bacarığı və iş təcrübəsi olsun, ən əsası isə ağılı, vicdanı, qəlbi və xoş niyyəti, mədəniyyəti…
– İctimai nəqliyyat vasitələrində oturmaq üçün yer üstündə dava, mübahisə, təhqirlər də indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Cavanıq deyə, hökmən yer verməliyik, düzdür, amma nə bilirsən, bəlkə mən ürək xəstəsiyəm, bəlkə hamiləyəm, bəlkə əməliyyatdan çıxmışam, bəlkə həkim ayaqüstə çox dayanmağa icazə vermir. Oturmamışdan qabaq üzərimə elan yapışdırmalıyam ki, niyə yer vermirəm… Hərdən elə adamlar yer üstündə dava edir ki, ona veriləcək yerə belə sığışmayacaq! Mən şəxsən kiməsə yer verəndə, insana baxıram, ancaq mədəni və ziyalı, bu yerə layiq insanlara verirəm yerimi… Seçimim düz olduğundan, əksər hallarda, yer verdiyim kimi dərhal başqa bir gənc mənə yer verir, qoymurlar ayaqüstə dayanım… Təşəkkürlər!
– Dəfələrlə görmüşəm, ictimai yerlərdə köməyə ehtiyacı olanlara kömək etmək əvəzinə video və foto çəkiliş edib qoyuruq sosial şəbəkələrə, hələ arsız-arsız şərhlər veririk, müzakirə edirik. Bu da bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
– Qızların, qadınların əxlaqını “bakirəliliyi” ilə ölçürük, bakirə olmayana ad qoyuruq, əxlaqsız hesab edib, damğalar vururuq, halbuki dinimizdə belə bakirəlilik məsələsinə həssaslıqla yanaşılıb, boşanmış qadının ərə getməsi, bakirə olmayan qızların qınanılmaması tövsiyyə olunub (nə bilirsən, bəlkə qız vaxtında yıxılıb itirib bakirəliliyini, bəlkə zorlanıb, bəlkə ailəsi dağılıb və boşanıb), bakirə qız axtarırsınız evlənməyə, bakirə olmayanlara isə əxlaqsız təkliflər edirsiniz… Bunu da siz kişilər edirsiniz, nə bilirsiniz, bakirə saydığınız qız əslində hansı xasiyyət və əxlaqa malikdir?! Həqiqəti bilmədən və bilmək istəmədən insanlara qiymət vermək, onlara qarşı diskriminasiya etmək də indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
– İctimai yerlərdə etik qaydalara riayət etməməyimiz, tənqid edənləri və nöqsanları deyənlərə rişxəndlə gülməyimiz, yazdığımız yazıları dərk etməməyimiz və düzgün qiymətləndirməməyimiz də səviyyəsiz, əxlaqsız olmağımızdan, tərbiyəsizliyimizdən, nadanlığmızdan və indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Sizi bu səviyyəniz qane edirsə, buyurun, yerinizdə sayın, paxıllayın, qısqanmağa davam edin. Ancaq unutmayın ki, söyüş söymək, təhqir etmək, qeybət etmək, insanın dalınca danışmaq, yalan danışmaq, şər atmaq, əxlaqsız təkliflər etmək böyük günahlardandır… Siz buna görə cəzanızı çəkəndə, bizlər şahid olacağıq Sizlərə…
– Nə dirilərə, nə ölülərə hörmət etməməyimiz, adət-ənənələrimizi deqradasiyaya uğratmağımız, ailəmiz olduğu yerdə, halalımızı qoyub, harama can atmağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
– Kimsə öz biliyi, savadı, bacarığı və işgüzarlığı ilə irəli gedəndə, onda qüsur axtarmağımız, paxıllamağımız, yerimizdə sayarkən, cəhdlər etməyərkən, zəhmət və əməkdən, halaldan qaçıb, “Allahdan buyruq, ağzıma quyruq” devizi ilə təmbəl olmağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
– Başqalarının pulunun məbləğini, evini, mebellərini, xoşbəxtliyinin sirrlərini, sevənlərinin sayını öyrənmək, burnumuz girməyən yerə başımızı soxmağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
– Qapalı insanlara isə “qudurğan və özündən razı” damğasını vurub dalınca onu “Ağ yuyub qara sərməyimiz də” indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
– İctimai yerlərə zibil atmağımız da, piyada keçidlərindən istifadə etməməyimiz də, yerə tüpürməyimiz, günəbaxan tumunu yeyib qabığını yerə tullamağımız, siqareti qadın və uşaqların yanında arsız-arsız çəkib, onların üzünə tüstüsünü verməyimiz, maşınlarımızdan zibili arxadan gələn maşının üzərinə atmağımız, yerə yıxılan və ya paltarını külək qaldıran zaman qadına kömək etmək əvəzinə, onu başdan ayağa acgözlüklə gözlərimizlə süzməyimiz, şəklini çəkib, başqa cür qələmə verməyimiz, geyimə görə insana qiymət verməyimiz, həyasızlığımız, istirahət yerlərində, parklarda özümüzü insan kimi apara bilməməyimiz də, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
Ardı var…