ni

Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
Ailəlidir. Iki övladı və bir nəvəsi var.

SƏN GETDİN

Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.

Sən getdin… arxanca baxan gözlərim –
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?

Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.

Get gülüm, – qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.

EŞQİMİN QIŞ HARAYI

Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.

Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.

Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!

Eh… yenə səbrimin üstünə əsir,
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?!