Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qədim sahibini, Gündəlik İnformasiya Agentlikləri və Azərbaycanın MMədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktorunu, Redaksiya heyətinin üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik , Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir!
Mətbuat xidməti
Gündüz Sevindik 1978-ci il iyul ayının 24-də Ağcabədi rayonunda anadan olub.Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
Fələstinli uşaq və…
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.
Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpıztək kəsib yeyəcək.
Verməyin Anaya siz bu uşağı,
Bu uşaq anasın basıb yeyəcək.
Oxşamaz üzünü səhərin mehi,
Canında tikanlar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı –
…XOCALI…
mən səni tanıdım, bala!!!
O qıza bax…
Doğma balandı öz yolun,
Qoyduğun iz iz deyilmi?
Bu yolda yorulub çökən,
Ağrıyan diz diz deyilmi?
Sevgi yükdü, bəxtin qapan,
Bəs hardadır o sən tapan?..
Bir qız dodağından qopan,
Gözlədiyin söz deyilmi?
Çoxu neynirsən, aza bax,
Qəlbin boyda dənizə bax.
Bir dön o gedən qıza bax,
Yuxundakı qız deyilmi?
Hələ uşağıq, qadası
Bu həyat tanışdı bizə,
Dünya bir qarışdı bizə,
Qızmar yay da qışdı bizə,
Hələ sazağıq, qadası.
Təpədən zirvə gözləmə,
Dayanma, get… və gözləmə.
Gözləmə, meyvə gözləmə,
Hələ yarpağıq, qadası.
Ömür od üstə bişməkdə…
Qəfil dönüb dəyişməkdə.
Dilləşməkdə, deyişməkdə,
Hələ qoçağıq, qadası.
İçilməmiş bulağıq biz,
Yazılmamış varağıq biz,
Vallah, hələ uşağıq biz,
Hələ uşağıq, qadası.
Xoşuma gəlmədi
Bu dünyanın gözlərini,
Ovun, xoşuma gəlmədi.
Məni öz içimdən çölə,
Qovun, xoşuma gəlmədi.
Bu sınmış qəlbə qəsd nədi?
Doğulan gündən xəstədi.
Uşaq oyuncaq istədi,
Cibim xoşuma gəlmədi.
Köçdüm özümdən özümə,
Sözüm yetmədi sözümə.
Küçəni təpdim gözümə,
Evim xoşuma gəlmədi.
Yorğun küçə
Di gəl bu nəfəssiz küçədə qızın,
Axı nə vecinə varlı bir qızın?!
Nəyinə lazımdı – göydə ulduzun,
Azı göydə qalır, çoxu tökülür.
Ay Allah, nəfəs ver, qoyma ki, sönəm,
Qərib küçələrdən özümə dönəm.
Küçədə küçədir, bir də ki, mənəm,
Üstümə küçənin ahı tökülür.
Küçənin qonağı lal bir gecədi,
Bu küçə həmənki yorğun küçədi.
Bilmirəm, bilmirəm saat neçədi,
Küçənin gözündən yuxu tökülür…
Sözümü kəsmə…
Səngiməz bu ömrün amansız qışı,
Mənəm göy üzünün perikmiş quşu.
İməkləyib çıxacam bu yoxuşu,
Dizimi kəsmə, Allah!
Sağa düşən salamatdı, soldayam,
Sənə qalxan əllərdəyəm, qoldayam.
“Kamilliyə Salam” adlı yoldayam,
İzimi kəsmə, Allah!
Verdiyin bu səbrə, dözümə qıyma,
Bu kiçik, qaralan közümə qıyma.
Mənə Söz vermisən, sözümə qıyma,
Sözümü kəsmə, Allah!
35 yaşımın astanasında
35 yaşımın astanasında,
Sənə necə deyim “xoş gəldin”, gülüm?
Bəlkə də ömrümün tən ortasında,
Bu təzə zülümdü, təzə bir ölüm.
Gəl baxaq göz-gözə, susaq, dinməyək,
Gəl indi zövq alaq dərd-sərimizdən.
Biz ayrı dünyada, ayrı bir yerdə,
Xəbərsiz doğulduq bir-birimizdən.
Özümü əlimdən salıb itirdim,
Ömrümü budadım, taladım, çapdım.
Kəpənək ömürü yaşadım demə,
Mən səni tapanda nəyimi tapdım?
Ağlasam, gözümü silmə, sən Allah,
Belə qismət olmaz, belə bəxt olmaz.
Gəl məni qınama, gülmə, sən Allah,
Mənə oxşayırsan üzdən də bir az.
Eşq adlı bu yükü daşımaq üçün,
Bəlkə bu yuxulu bəxti oyadaq?
Bu ömrü təzədən yaşamaq üçün,
18 yaşına necə qayıdaq?
Bu sevda yolunda büdrəyən bəxtim,
Məni aldatmadı, düzünü dedi.
Mən səni axtarıb tapana kimi,
Saçım-saqqalım da sözünü dedi.
İndi üz-üzəyik, bu sən, bu da mən,
Hərənin öz evi, odu, ocağı.
Yazdığım bu şeirin bircə bəndini,
Balama söyləyə bilmərəm axı…
…35 yaşımın astanasında,
Sənə necə deyim “xoş gəldin”, gülüm?
Bəlkə də ömrümün tən ortasında,
Bu təzə zülümdü, təzə bir ölüm.
…bu qız
Ömrünü illərə sərdi,
Göyərdi “Vağzalı” dərdi..
Əyilib tikanı dərdi,
Çiçəyi dərmədi bu qız.
Uçurtdu Allah payını,
Sarıdimdik qağayını.
Qismətinin sarayını,
Tikmədi, hörmədi bu qız.
Bitdi nağılın yarısı,
Getdi ağılın yarısı…
Açıldı bəxtin qapısı,
İçəri girmədi bu qız.
Dağın küləyindən keçən,
Eşqin bələyindən keçən,
Hər gün ürəyindən keçən,
Gündüzü görmədi bu qız.
Məndən sonra
Məndən sonra hicran yolun,
Bağla, bağlaya bildikcə.
Ömrün boyu ağ bəxtini,
Haqla, haqlaya bildikcə.
Qorumadın bu ürəyi…
Bərk saxla, olar gərəyin –
Bağışladığım çiçəyi
Saxla, saxlaya bildikcə.
Coşdurmadı söz sinəni,
Yandırmadı köz sinəni.
Məndən sonra öz sinəni,
Dağla, dağlaya bildikcə.
Göyərtdinsə dərd daşını,
Axtarma itən başını.
Ağla, silim göz yaşını,
Ağla, ağlaya bildikcə.
bəxtimi
Bu mən, bu bəxtim, bu da sən,
Ya danla, ya söy bəxtimi.
“Şair bəxti, oyan!” – deyib,
Tut silkələ, döy bəxtimi.
Bildiklərim ki, sirr deyil,
Hər yanan ocaq pir deyil.
Həyat beş-on şeir deyil,
Tərifləmə hey bəxtimi.
Tale məni qapıb yordu,
Nə tez belə tapıb yordu?
Fələk harda çapıb yordu,
Bu laçın, bədöy bəxtimi?!
Qalanda yolsuz yollarda,
Baxdı keçdi dost da, yar da.
Allah bilir Allah harda,
Yazıbdı “köntöy” bəxtimi.
Hələ çox kiçikdi dünya
O qız bu bəxtə gül əkməz,
Burda bir kimsə ev tikməz..
Bir ev həsrətimi çəkməz,
Axtarmaz, itirməz məni.
Bu da səhər, bu da sabah,
Nəyi dəyişdi ki, bu ah?!
Sevdiyim, sevdiyim Allah,
Dərdimdən ötürməz məni.
Demə qandı, çirkdi dünya,
Oyuncaq-evcikdi dünya.
Hələ çox kiçikdi dünya,
Götürməz, götürməz məni.
Dərd yol azdı
Dərd yol azdı dərd köçündən,
Hansı dərddi bu biçimdə?
Salamladım öz içimdə,
Uzaqdan gördüyüm dərdi.
Bilmirəm, bilə bilmirəm,
Adını hələ bilmirəm.
Özümnən ala bilmirəm,
Əlimlə verdiyim dərdi.
Ay anam, tablamaz ürək,
Bu dərd iblisdi, gah mələk.
Çəkməliyəm axıradək,
Ömrümə hördüyüm dərdi.
… bu yolda
Toz oldum, daş oldum, düşdüm, itdim ki,
Əyildi, oxşadı yola qəddim ki.
O qədər üstündən keçib-getdim ki,
Bu yola yazığım gəldi bu yolda.
Sil alın yazını, sil varıydısa,
Bəs hanı, bu yolda gül varıydısa?
Dünyada nə qədər yol varıydısa,
Gəlib burdan keçdi, öldü bu YOLDA!
Yolçusu kim oldu sonda düz yolun?!
Gör harda azdırdı səni SÖZ yolun?..
Bu da ömür yolun, bu da öz yolun,
Di ağla bu yolda, gül di bu yolda
Somalidə körpə uşaqlar hər gecə ölümü aldadırlar…
Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı.
Aç gözünü, aç, balaca,
Kimi aldadırsan belə?!
Ay bir yaşlı körpə qoca,
Nə yaşadın, gördün hələ?
Sənin göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.
Bu gün yaşadıqlarımı,
Sən bələkdəykən yaşadın.
Mənim daşıdıqlarımı,
Sən məndən yaxşı daşıdın.
Gülmə bu yaşda ağlıma,
Dön quşa, uç, gəl beləcə.
Qoşul balaca oğluma,
Qucağımda yat bu gecə…
…Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı…
Yalanlar bal dadıb keçdi
Yalanlar bla dadıb keçdi,
Keçənlər aldadıb keçdi.
Üstümdən adladı keçdi,
Böyründən keçmədiklərim.
Yol bilib keçdilər məni,
Ölçdülər, biçdilər məni.
Fərq qoyub seçdilər məni,
Fərq qoyub seçmədiklərim.
Bu gözünüz, bu qaşınız,
Bu başınız, bu daşınız.
Nəyim var, halal xoşunuz –
Ay suyun içmədiklərim
Nola, mən deyən Gün doğa…
Doğa, zülmətləri boğa!
Özü boyda sevgi yağa,
Görəm, dünyanın üstünə.
Lap unudam öz adımı…
Pay verəm ömrün dadını
Bir quş olam – qanadımı
Gərəm dünyanın üstünə.
Olam bir sehrin hakimi,
Qıram Dərd adlı tilsimi…
Buludları yorğan kimi,
Sərəm dünyanın üstünə!