Getdi
Bir günü gözlədim, vüsal qoxulu
Hər arzum əlinlə pozuldu getdi
Mənmi röyadayam? Sənmi yuxulu?
Gözlərin gözümdən süzüldü getdi.
Qarşıma çıxmışdın sən bu küçədə
Qənimdir xatirən zülmət gecədə
Deyirəm,ay zalım, qıydın necə də
Dodağın sevgimə büzüldü getdi
Xəbərsiz qalmışam, səndən soraqsız
Zülmət könül evim qalıb çıraqsız
Yandırdın sən məni odsuz, ocaqsız
Sözlərim sinəmə düzüldü getdi
İndi hara gedim, mən boynu bükük
Mən sənə həsrətli, sən üzü dönük
Sənə bəxş edərkən bir qaşlı üzük,
Əllərin əlimdən üzüldü getdi