Azərbaycab Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü
Allah, qurban olum, anama dəymə!
Bir nəfərin dilindən
Anam süd qoxulu bağımdı mənim,
Ruha qida verən çağımdı mənim.
Dağdı başım üstə, dağımdı mənim,
Allah, qurban olum, anama dəymə!
O, göyçək pəridir, o, nazlı xanım,
Onun sevgisilə durulur qanım.
O, mənim ruhumdu, o, mənim canım, –
Allah, qurban olum, anama dəymə!
Yaman darıxmışam sözləri üçün,
İşıq gətirmişəm gözləri üçün,
Başım qəribsəyib dizləri üçün,
Allah, qurban olum, anama dəymə!
Hayım-harayımdı, sorağımdı o,
Zülmətə nur saçan çırağımdı o,
Fələyə tuşlanan yarağımdı o,
Allah, qurban olum, anama dəymə!
Bir yol imkan verməz oduna yanam,
Onun şöləsilə rəng tutub hanam,
Həkimdi, loğmandı, təbibdi anam,
Allah, qurban olum, anama dəymə!