nn

MƏN SƏNİ SEVMƏYİM, BƏS KİMİ SEVİM?

Baş qoyum dizinə Əhsabi-kəhfim,
Səndə bağışlanır günahım, səhvim,
Əcəmi memarım, sənət şərəfim,
Mən səni sevməyim, bəs kimi sevim?

Sara həsrətlidir sel Arpaçayım,
Əyilməz, qürurlu Əlincə dağım,
Batabat yaylağım odum- ocağım,
Mən səni sevməyim, bəs kimi sevim?

Ay aşıq Nabatım, ulum, ay sazım,
Ürəkdə niskilim, həsrət Arazım,
Qayaya söykənən Məmməd Arazım,
Mən səni sevməyim, bəs kimi sevim?

Cəlilim, Cavidim, Bəhruzum mənim,
Sirabım, Badamlım, dağ duzum mənim,
Şöhrətim- şanım, ağüzlüm mənim,
Mən səni sevməyim, bəs kimi sevim?

Şahbuzdan, Babəkdən güc alıb durum,
Kəngərli, Sədərək qeyrət qürurum,
Culfa, Ordubadım, mənim Şərurum,
Mən səni sevməyim, bəs kimi sevim?

Ümid körpüsüdür həsrət yarpağım,
Göydə yox, yerdədir ulduzum, ayım,
Ulu Naxçıvandan qalxan bayrağım,
Mən səni sevməyim, bəs kimi sevim?

Vətənin döşündə gül Naxçıvanım,
Güllərin içində tül Naxçıvanım,
Sən mənim ağzımda dil, Naxçıvanım,
Mən səni sevməyim, bəs kimi sevim.?