Azərbaycan Yazıçılar Birliyinin üzvü,
İsmayıllı Yazarları Ədəbi İctimai birliyinin sədri,
“İsmayıllı Xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru
Yolum üstə çıxanlarla deyişdim,
Hələ də dadmadım balını, dünya.
Körpəydim, uşaqdım, gəncdim, yetişdim,
Sənsə dəyişmədin halını, dünya.
Haqdan cəza payım ölüm kəsildi,
Arzuya uzanan əlim kəsildi.
Söz demək istədim, dilim kəsildi,
Dindirə bilmədim lalını, dünya.
Bu yaşda nə gördüm, haranı gördüm?
Gözümü sıxdıqca, qoranı gördüm.
Ha yana üz tutdum, qaranı gördüm,
Sevdim yaşılını, alını, dünya.
Göz yaşım sel olub, sonasısan sən,
İncə, gül əllərin xınasısan sən.
Mənim də, onun da anasısan sən,
Qoy yana qovğanı, qalını, dünya.
Yadların içində yadı tapmadım,
Adımı verdilər, adı tapmadım.
Məni doyuzduran dadı taomadım,
Daddım dəymişini, kalını, dünya.
Nəfsi güc gələnlər diddi, didişdi,
Çox qol-qabırğalar sındı, bitişdi.
Var-dövlət toplamaq mənə yad işdi,
Boş yerə gizlətmə malını, dünya.
Bir yamac daşıyam, güvəndim dağa,
Bəlkə də yol açdı köküm torpağa.
Salıb yaşıl rəngə, sarıya, ağa
Atma ayağıma şalını, dünya.
Tapdı işləyəni işin çətini,
Saxlamır həmişə sümük ətini.
İtlərin dəyişmir sədaqətini
Döysən də, kəssən də yalını, dünya.
Səni tapan oldu, itirən oldu,
Bizi bu sahilə gətirən oldu.
De bir, saqqızını götürən oldu,
Yoxsa, dəyişiblər falını, dünya?
Ömür sarayımı söküb hörürsən,
Nə gün göstərirsən, nə gün görürsən.
Adəm nallayandı, minib sürürsən,
Tökübdür atların nalını, dünya.
Şahməmməd, hər sözü gətirmə dilə,
Yaz, günü aya ver, ayları ilə.
Qəbrimin qaralan torpağı ilə
Qoyarlar üzünün xalını, dünya.