1533150_672733326111760_899121006_n

MƏN QADIN DEYİLƏM…KİŞİ DƏ DEYİLƏM…

Başımda hündür kepka görən iki kişinin bir-biri ilə, guya, söhbət edərək atdığı atmacalara təsirlənib yazmışam.

Qaqaş, daha nəyimiz qaldı, əlimizdən almamış bu qadınlar?
Fikirlərim qətiyyən beləsiylə barışmaz,
Bu seçimə təbim alışmaz…
Görən nə deyir, bu kepkalı gəlinin,
Atası, ya qardaşı?..
Yaxud əri?
Kordu gözü?
Bu seçimi görmür özü?!..
Kepkaya bax!
Bolşevik kepkasına bənzəyir…
Kurtka da polkovnik kurtkasına bənzəyir,
Hələ çiynində paqon kimi bükməsi varmış,
Alə, bu tamaşaymış….
Mən ölüm,bax, bax, çəkmə əsgər çəkməsi,
Tapmacadı bunun açması!!
Nə isə yordum sizi də….
Kiminin başında ağıl var,
Kiminin başında nağıl var!
Nə deyəydim yolun ortasında?
Hayqırıb çığıraydımmı ki,
Mən iki il yarım Murova qalxmışam,
Qardaşımı görmək üçün səngərlərdə yatmışam!
Oğlumun nəfəs aldığın bilmək üçün ayaqyalın
Güllə sədası altında
Tülküdərəsində düşmənlə üz-üzə baxmışam!
Mən qadın deyiləm…Kişi də deyiləm…
Mən adaaam deyiləm, eşit ey adaaam!!!
Mən…Vəhşiləşmiş qurdam!
Dinmə…Səni parçalaram!!!
Yanan ürək od olar,
Qurd balası qurd olar!!!
Laxtalanmış qan görmüşəm,
Başsız bədənlər görmüşəm,
Bədənsiz ürək görmüşəm!!!…
Yalvarıb kömək istəyən görmüşəm….
Mən qadın deyiləm…Kişi də deyiləm…
Mən adam deyiləm, eşit ey adam!
Mən…Vəhşiləşmiş qurdam!!!!!!!!!!

10 YANVAR. 2014

SƏNGƏRDƏ DAYANAN ƏSGƏR

Oyanmışıq top səsinə,
İgidlərin nərəsinə,
Murov, Tülküdərəsində.
Hərdənbir gözün yol çəkər,
Səngərdə dayanan əsgər!..
Sənsən bu torpağa ürək,
Xoş niyyətsən, əzəl dilək,
Sənsiz Vətən nəyə gərək?!
Xətadan yan keç, ol zirək,
Qamətimizi dərd bükər,
Səngərdə dayanan əsgər!…
Qorxutmur nə qar, nə yağış,
Səni verənə min alqış,
Yaman gəldi bu ilki qış,
Qarda çəkmənin içində,
Barmağını şaxta kəsər,
Səngərdə dayanan əsgər!…
Vətənindi, solun -sağın,
Ürəyindi Qarabağın,
İrəvan əzəl torpağın,
Sən ağasan, “yan”-lar nökər,
Səngərdə dayanan əsgər!…
Qayıtsanız həsrət bitər,
Əziyyətin getməz hədər,
Vətən qiyamətə qədər,
Bizimdi, çalarıq zəfər,
Səngərdə dayanan əsgər!…

“İnsan və Cəmiyyət” qəzeti, 18-25 fevral 2014