ar

Tanıyıb bilməzsən…

Məndən uzaqdasan niyə bu qədər?
Yuxundan mən necə oyadım səni?
Əlimi uzatsam , əlinə dəyər,
Sən heç hiss etməzsən bəlkə də məni.

Məndən uzaqdasan, məndən aralı,
Nigaran səsimə sən hay ver barı.
Gözümün yaşları yusa yolları,
Gəlib kiritməzsən bəlkə də məni.

Dağlar çəpər olub yolumu kəssə,
Könül qovuşmaqdan əlini üzsə.
Qopsa xəzan yeli, ürəyim əssə,
Öpüb isitməzsən bəlkə də məni.

Sevdim dəlilər tək qədirbilməzi.
Deyirlər sevginin kor olur gözü.
Səni səsləsəmdə, tanıyıb səsi,
Duyub eşitməzsən bəlkə də məni.

Zaman öz çarxını döndərməz geri,
Yaşayıb gedirik il üstə ili.
Üz-üzə gəlsəkdə biz günün biri,
Tanıyıb bilməzsən bəlkə də məni….