h

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü

***
Yalançı nağıllara
allanardıq uşaqkən.
Fələyin kəndirindən
sallanardıq uşaqkən.

Yerin buynuzlarından
danışardı nənəmiz.
Bizim də, əsnəməkdən
ağrıyardı çənəmiz.

Uşaqlıq çağımızdı;
Bilməzdik ağıl nədir.
Böyüdük, Yerdən qopduq,
Öyrəndik nağıl nədir.

Böyüdük, bir də gördük
qırılıb eşqin simi.
Sözü tapdayıb əzdik,
Kibrit qutusu kimi.

***

Həyat bir qazandı gur ocaq üstə,
Orasın-burasın küllə, qaralar.
Mənə əmi dedin, özgəyə canım,
Qorxmursan alnını güllə qaralar?!

Məcnunlar pul üçün sərgərdan gəzir,
Leylilər dadmağa hava axtarır…
Sən Allah, qapımın önündən keçmə,
Anam gör nə vaxtdır dava axtarır.

Kölgən elə bil ki, nişanlı qızdır,
Duvağın qaldırır bəy havasına.
Eh, mən də məcburam oynayım bir az,
Bu qoca fələyin səy havasına.