Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
“Ömürdən, gündən” – silsiləsindən
Dindirməyin, dop-doludur ürəyim,
Bir kimsəyə bükülməyib biləyim.
Xəncər yeri, ox yeridir kürəyim,
Namərd düşmən hey arxadan vurubdur,
Çərxi- fələk artıq, məni yorubdur.
Ruha, cismə, qana hopub mətanət,
Olmayıbdır əməlimdə xəyanət.
Tomrisəm mən, əkizimdir dəyanət,
Qeyrət, iffət, namus məni sorubdur,
Şərxi- fələk artıq, məni yorubdur.
Bənzərim yox bir kimsəyə dünyada,
Simurğ olub, hey çatmışam, mən dada.
Sovuşmayıb ətrafımdan qan- qada,
Mənfur yağı fitnədən tor qurubdur,
Çərxi- fələk artıq məni yorubdur.
Qasırğalar, fəlakətlər, bəd illər,
Qışa dönüb yurdda bütün fəsillər.
Qara geyib neçə- neçə nəsillər,
Zalım fələk sanki qəsdə durubdur,
Çərxi- fələk artıq məni yorubdur.
Halı fəna, halı yaman hər yanın.
Görəmmədik ömrün- günün xoş anın,
Düzəlmədi heç nizamı dünyanın,
Yaş da ötdü- Dövran,ömür qürubdur,
Çərxi – fələk məni yaman yorubdur…