gunelxanim

Səmada uçan qaranquşlar baharın gəlişindən xəbər verirdi. Ağaclar qış yuxusundan oyanmışdı. Ətrafda sakitlik hökm sürürdü. Üç yaşına yenicə qədəm qoymuş Ayxan oyuncaqlarıyla bağçada oynayırdı. Şəbnəm 2 aylıq körpəsini yatırdaraq həyətə çıxdı və Ayxanı evə səslədi. Uşaq yüyürərək balaca yumru əlləri ilə anasını qucaqladı. Şəbnəm övladını elə bərk-bərk qucaqladı ki, özündən asılı olmayaraq gözləri yaşardı. Öz-özünə düşündü: “Ya rəbb, bu iki körpənin taleyi necə olacaq? Onları ata-ana sevgisindən məhrum etmə. Məni onlardan ayırma.”
Bu an həyat yoldaşı yorğun halda içəri girdi. İlham onun ikinci dəfə əməliyyat olunması üçün lazım olan pulu toplamaqdan ötrü maşınını Bakıya satmağa aparmışdı. Maşını satıb qayıtmışdı. Şəbnəm tez əl-ayağa düşdü.
İlham oğlunu qucağına alıb ümid dolu səslə Şəbnəmə dedi: “Əzizim, hazırlaş, sabah Bakıya gedirik. Uşaqlara anam baxacaq. Atam, sənin valideynlərin sabah tezden yola düşürük. Allah özü imdadımıza çatsın”.
Şəbnəm nə deyəcəyini bilmədi, astadan dilləndi: “Sən maşınını çox istəyirdin. Nahaq yerə satdın. Onsuz da ……”. İlham onun sözünü ağzında qoydu. “Mənə maşın deyil, sən lazımsan. Maşın sənin həyatından önəmlidirmi? Fikir eləmə, hər şey yaxşı olacaq”.
Ertəsi gün Şəbnəm hamıdan tez oyanmışdı. Yola düşməzdən əvvəl son dəfə uşaqlarını öpüb, oxşamaq istəyirdi. O, süd iyi gələn balaca Arifin üzündən öpdü. Dodağlarını ondan ayırmadı. Elə bildi ki, cənnətdədir. Var- gücüylə ana üçün əvəzedilməz olan bu qoxunu içinə çəkdi. Sonra da Ayxanın əllərini ovcunun içinə alaraq oxşadı, yuxudan oyanmasın deyə əllərindən öpdü. Ürəyi elə şiddətlə döyünürdü ki, yaşamaq üçün kimdənsə kömək istəyirdi. Uşaqlarının nə vaxtsa ögey ana əlinə düşməsini, ana sevgisindən məhrum olmasını istəmirdi. Əllərini göyə qaldırdı: “Məni onlara bağışla, tanrım. Hər şey, hər möcüzə sənə məxsusdur. Canı verən də sənsən, alan da sən. Onları ana sevgisindən məhrum edib, boynu bükük böyütmə”.
Xəstəxanaya çatanda baş həkim onu görüb vəziyyətini soruşdu. Onlar bir az gözləməli oldular. Şəbnəm özü də istəmədən baş həkimin İlhamla söhbətinə qulaq müsafiri oldu. Həkim ikinci dəfə onu ürək əməliyyatına salmağın əleyhinə idi.
-İlham, mən keçən dəfə də sizə demişəm, indi də deyirəm. Həyat yoldaşınız bu əməliyyatdan çıxmayacaq. Onun vücudu zəif və arıqdır. Sağ çıxması yalnız allahın möcüzəsi ola bilər. O da ki, zənnimcə mümkün deyil. Ürəyində elə qüsur var ki, onun hələ birinci əməliyyatdan çıxması qəribə idi. Nə qədər ömrü var qoyun yaşasın. İkinci dəfə əməliyyata salmayın, yazıqdır. İlham doluxsunmuş halda son sözünü söylədi: “Şəbnəm bu əməliyyata gedəcək. İki körpə övladım var. Şəbnəmsiz biz nə edərik. Allahdan başqa heç kimə ümidim yoxdur. Yalnız allah bizə kömək edə bilər. Ümidimi üzə bilmərəm”.
İlhamın Şəbnəmin bu sözləri eşitməsindən xəbəri yox idi. Artıq o ölümün bir addımlığında olduğunu bilirdi. Uşaq kimi ağlayıb onu ölməyə qoymamalarını istədi. Övladları üçün yaşamaq istəyirdi. Həyat eşqi coşub daşırdı. Amma yenə də özünü qürurlu apardı. Əməliyyat otağına gedəndə Şəbnəm axırıncı dəfə İlhama sarıldı və övladlarını ona əmanət etdi.
Səkkiz saat davam edən ağır cərrahiyyə əməliyyatı İlham üçün səkkiz ilə bərabər oldu. Dilində allahın adı, gözləri qapıda əməliyyatın bitməsini gözlədi. Hər kəs matəm içində idi. Şəbnəmin əməliyyat xəbərini eşidib ora gələn qohum-əqrabaları ağlaşırdılar. Nəhayət əməliyyat başa çatdı.
Baş həkimin yorğun və təəccüb dolu simasını görən İlham həkimin ona qara xəbəri necə verəcəyini düşündüyünü zənn edərək dizlərini yerə atıb hönkür-hönkür ağladı. “Ya rəbbim, məni öldür, onu yaşat”. Axı Ayxana nə deyəcəkdi. Anasının yoxluğunu necə öyrədəcəkdi.
Həkim alnının tərini silərək gülümsədi: -İlham, siz deyən oldu. Allahın möcüzəsi baş verdi. Belə ürək qüsuru ilə heç kim əməliyyatdan sağ çıxmayıb. Tanrı Şəbnəmi qorudu və övladlarına bağışladı. Bu xəbər İlhamın həyatında ən gözəl xəbər idi. Ömrünün mənası, sevinci həmişəlik onunla olacaqdı. O, həkimin əllərini sıxdı və öz təşəkkürünü bildirdi. Tanrı övladlarının anasını qorumuş, ona yenidən həyat eşqi vermişdi. Uca yaradana şükürlər olsun….