Biri var idi, biri yox idi… Milli sərvətlərlə dolu bir ölkə var idi… Ölkənin inkişaf etməsi üçün bütün imkanlar olsa da, çoxluq bunu istəmirdi… İqtisadi, siyasi, maliyyə, sosial, psixoloji təfəkkür tərzi, savadı olmayan bu xalq özü özünə quyu qazmağı, yorğanına görə ayaqlarını uzatmayıb, sonra üşüdüb xəstələnməyi, sonra həkimləri, dövləti günahkar bilməyi çox sevərdi…
Hər yerdə özünə düşmən axtaran və pisi yaxşıdan ayırmağı bacarmayan toplum, yazar dostum Elmin dediyi kimi “sürü psixologiyası” ilə bildi-bilmədi, fikir yürütməyi, söz deməyi, qərar verməyi və seçim etməyi çox sevərdi… Quyuya su tökməklə, quyu dolmadığı kimi, özünə qazdığın quyudan quyunu lap dərin qazmaqla, quyudan çıxmağın mümkünsüz olduğunu bəlkə çoxları bilir… Bilir, amma əməl etmir… Bir çoxları xəstədir, bəzi öz xeyirlərini güdən, həris, tamahkar, yalançı insanlar bu xalqın çoxluğunun psixologiyasını bilib, ajiotaj yaradar, isteriya xarakterli insanları küçələrə salıb, iqtisadi tarazılığın pozulmasına və xalqın dövlətə qarşı qalxmasına çalışar, xalqın başı dövlətə, hakimiyyətdəkilərə qarışan zaman sui-istifadə edib, ciblərini doldurar, qarnını doydurar, gözü isə doymaz ki, doymaz…
Əsl problemimiz çoxluqların psixologiyasında, nadan, sadəlövh olmasındadır…
Bu yazım bizim milli valyutamızdandır…
Yadımdadır hələ fevral ayında manatın dəyəri aşağı düşəndə demişdim, şükür edin… İlin ikinci yarısında neftin qiyməti aşağı düşməyə davam etsə, növbəti devalvasiya olacaqdır… Ciddi qəbul edən olmadı…
İlin ikinci yarısının ikinci ayıdır… Göz qabağındadır, neftin qiyməti (ABŞ və Ərəblərə məxsus neft markası) dünya maliyyə bazarında 38 ABŞ dollarına düşüb ki, bu da ümumi tendensiyada bizim də neftimizin qiymətinin aşağı düşməsinə səbəb olmuşdur… Nəzərə alsaq ki, ötən il valyutamızı süni şəkildə valyuta ehtiyatları sayəsində saxladıqları üçün Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalmağa başladı, neftin qiyməti işə aşağı düşməyə davam edirdi…
“Pulum yoxdur” deyib ağlayan çoxluq nədənsə, haradansa, gizlədilmiş pullarını dərhal düşən manatı lap aşağı salmaq üçün maliyyə institutlarına gətirib dəyişdi… Pulun yoxdursa, olmayan pulu necə dəyişə bilərsən axı?!
Absurd və analoqu olmayan, qeyri-adekvat təfəkkür və davranışa malik toplum, çoxluğun bir səhvi də yalnış düşünməsindədir… Dollar bahalaşmır… Manat bütün xarici valyuta məzənnələrinə münasibətdə düşür aşağı… Düşmür aşağı, Siz düşürdürsünüz, siz yuxarı qalxan adamı itələyib, daş atıb, güllələyib, yıxan kimi manatı da yıxırsınız, düşürdürsünüz…
Unutmayın, nə qədər ki, bu ölkədə yaşayırsınız, maaşınız manatladır, ölkə daxilində satılan hər mal, məhsul, göstərilən hər xidmət manatladır, onu dəyişməyin nə mənası var axı?! Evi və ya maşını ölkə daxilində manatla yox, xarici valyuta ilə alacaqsan məgər? Ya restoran, mehmanxana xidmətləri, supermarketlərdə satılan malları xarici valyuta ilə ödəyəcəksiniz?! Xeyr! Ancaq manatla!
Dövlət büdcəsinin əsas gəlirləri neft və vergi, dövlət rüsumundan gələn gəlirlərdir… Neftdən gələn gəlirlər azaldığı zaman dövlət nə etməlidir ki, büdcə kəsiri şişib böyüməsin, pul olsun, likvidlik problemini, riskini yaşamasın?! Ya xərclərini azaltmalıdır, ya da gəlirlərini artırmalı, digər gəlir mənbələri axtarıb tapmalıdır… Deməli, bəzi layihələr xərcləri azaltmaq məqsədilə dayandırıla bilər, bəzi dövlət qurumları birləşdirilə bilər, iş yerlərində ixtisarlar başlaya bilər… Vergilər digər gəlir mənbəsi olduğundan vergilərin faizi artırıla bilər, limitlər aşağı salına bilər (məsələn gəlir vergisi), yeni vergi tutma obyektləri, mənbələri “kəşf edilə” bilər…
Dövlət nə itirəcək?! Bəzi müəssisələri bağlayacaq, birinci devalvasiyadan güclə canını qurtarmış bəzi maliyyə qurumları, kiçik və orta sahibkarlar çökə bilər… Müflis olanda, ixtisarlar başlayacaq, işsizlik olacaq, işsiz qalanlarda kreditin ödənilməsi problemi yaranacaq!
İndi görürsünüz, manatın qədrini bilməyəndə, zərərçəkən əslində kim olur, bəli, siz insanlar, toplum, çoxluq!
İnflyasiya başlayıb, siz insanlar nə lazım oldu olmadı, hansı qiymətə oldu, olmadı mal alıb və xidmətlərdən istifadə edəcəyiniz təqdirdə, sizi aldatmağa və soymağa davam edəcəklər… Burda günahkar dövlət deyil, siz olacaqsınız! Özü yıxılan ağlamaz!
İnflyasiyanı da özümüz edirik, devalvasiyanı etdiyimiz kimi…
Amerika və digər hegemon dövlətlər bizim kimi dövlətləri daha müharibə ilə deyil, iqtisadiyyatımız çökdürməklə, məhv edir… İqtisadi və bioloji-psixoloji müharibə gedir… Biz isə sizin sayənizdə uduza bilərik… Öz əlimizlə iqtisadiyyatımızı çökdürə bilərik…
Amerikanlar bütün dünya neft ehtiyalarını ucuz qiymətə alıb, özlərində yığmayana və kütbeyin ərəblər onlarla əlbir olanadək, neftin qiyməti 25-30 dollaradək düşəcək, yəni gözümüz aydın olacaq, ilimizi büdcənin irihəcmli kəsrləri ilə başa çatdıracağıq, büdcə gəlirlərimizi kəskin azaldacağıq, valyuta ehtiyatlarımız da seçkilərədək manatın məzənnəsini saxlamağa sərf ediləcək. Güclü qiymət artımı-inflyasiya, ixtisarlar, işsizlik, bank böhranı-problemli kredit böhranını, bir xeyli şirkətlərin müflis olub, bağlanacağını proqnoz edirəm, qaçılmazdır… Bu proqnozlarımın doğrulacağına əminəm, çünki toplum və çoxluğu tanıyıram və bilirəm ki, bizdə “sürü psixologiyası” var…
Dövlət hansısa restoran, bank, supermarket bağlansa, sizdən çox itirməyəcək, əsas itirən tərəf siz olacaqsınız, iş yerinizi itirəcəksiniz, borc-kredit bataqlığında batacaqsınız, yeni iş yeri axtarışınız uğursuzluqla nəticələnəcək, əmək haqqlarınızın məbləği aşağı düşəcəkdir, süni qiymət artımının qurbanına çevriləcəksiniz…
Hər şeyi dövlətin və hakimiyyətin üzərinə yıxmayın! Bizim əsl düşmənizim elə biz özümüz və isterik xarakterimizdir… Dövlət büdcəsini viranə qoyandan sonra biz toplum hökümətdən hansı məntiqlə maaşının, minimum əmək haqqının artırılmasını tələb edə bilər?! Xərclərinizə nəzarət edin, zəruri xərcləri edin! Sonra başqalarını günahkar bilməyin…
Bilirsiniz, əsas problem təhsilsiz gənclərdədir, yetərli savadlı və işini sevən kadrların olmaması və xaricə “beyin axınının” olmasındadır… Savadlılar gedir xaricə, savadsız qalır ölkədə… Sonra savadsızların fikri ilə oturub-duran toplum isterikaya düşüb, aldanır, qurban olur…
Arada bir kitab oxuyun, maariflənin ki, biləsiniz əslində reallıq necədir və nədədir?!
Manatı çökdürən elə millətimiz olacaq, inflyasiyanı da, işsizliyi də, şirkətlərin bağlanmasını da millət özü edəcək, nə qədər ki, ajiotaj və isteriya prinsipi ilə hərəkət edib, manatı öldürəcəklər, ölmüş manatın ruhu da onları iqtisadi nəticələr ilə cəzalandıracaq…
Manatın evini biz insanlar özümüz yıxırıq, neft bahalaşanda 2-3 ilə manat yenə bahalaşacaq, baxacağam onda necə yenə qaçıb, dolları manata dəyişəcəyinizə…
Bu pulu onsuz da ölkə daxilində sərf edəcəksiniz, ölkədaxili ödənişlər ancaq manatla olduğu halda, hansı məntiqlə manatı dəyişirsiniz?!Sonra əlinizdəki manat bitəcək, manat lazım olacaq, dəyişəndə, iki qat itirəcəksiniz!
Manatımızı öldürməyin!!!!Ağlınızı yığın başınıza!