“Yarın bağçasında üç gül açılıb-
Ağ gül,qırmızı gül,bir də sarı gül…”
(AŞIQ HÜSEYN)
Ey ağ gülüm-
ağ səhərim
bəyaz sevincim,
ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız,
arzulardan yellənən yüyrüyümüz,
ümidlərlə yırğalanan beşiyimiz…
Ey qırmızı gülüm-
al qanım,
sevgim, həyəcanım,
dəli-divanə gəncliyim,
bir xeyir-dua səslənir qulaq yaddaşımda:
səni qırmızı pərdə olasan!
Ey sarı gülüm-
payız ömrüm,
xəzəlim, yarpağım,
xəzan baxtım-
baxıram,ey dadi-bidad,günəşin qürubu,
sanki nəfəsim daraldı,nitqim qurudu:
Ağ gül,qırmızı gül,bir də sarı gül,
bir də sarı gül…