VAXTSIZ ƏCƏL
Vaxtsız əcəl,
gəl tez döymə qapımı,
İlahi rəbbimdən qüvvət almışam.
Sərt qışa döndərmə xoş baharımı,
Yaşamaq eşqiylə alovlanmışam.
Onsuz da qısadır ömür payımız,
Qocanı,cavanı seçməyir əcəl.
Torpaqda daş məzar son bir payımız,
Bizi addım-addım izləyir əcəl.
Həyatın qaydası,qanunu budur,
Bir gün getməlidir,yaranan hər kəs.
Mənimsə tanrıya sualım budur,
Vaxtsız əcəl niyə tələskəndi bəs?
04.03.2013
Tanrım uzun etsin onun ömrünü
Ana ən müqəddəs, ən ülvi varlıq,
Həmişə o ada biz borclu qaldıq.
Hər bir övladına o verər saflıq,
Ana öyüdündən biz ibrət aldıq.
Anamız yoxdursa, biz də olmarıq,
Sanki qəlblərimiz qoparar fəryad.
Kükrəyən sel kimi aşıb, daşarıq,
Qanadsız bir quşa bənzəyər həyat.
Ana övladına hər cür yaraşıq,
Hər bir ana görsün övlad toyunu.
Analar adına dastan yaz, aşıq,
Qoy bütün analar dinləsin onu.
Ana kainatın bər-bəzəyidir,
Analar eşqinə yanaq, alışaq.
Yazan könüllərin şah əsəridir,
Ona nəğmə deyək, ona söz qoşaq.
Anadan yazmaqla qurtarmaz, bilək,
Gəlin uca tutaq ana sözünü.
Onun varlığına sevinək, gülək,
Tanrım uzun etsin onun ömrünü.
YAZIĞIM GƏLİR
İlin hər bir fəsli,gərdişi gözəl,
Həm payızı gözəl,həm yazı gözəl.
Bu gözəl dünyada alışıb sönən,
Nakam məhəbbətə yazığım gəlir.
Dünyaya gəlmişik sevinmək üçün,
Həm sevilmək üçün,həm sevmək üçün.
Həyatda,sənətdə iz qoymaq üçün,
İzi olmayana yazığım gəlir.
Fani dünyamızın sonu ölümlü,
İnsan kainata gəldi-gedimli.
Məxluq tanıyıram mələk biçimli,
Şeytan sifətlərə yazığım gəlir.
Sevməyi öyrəndik Leyli-Məcnundan,
Biz çıxdıq həyatın çox sınağından.
Bir iyrənc qadının səhvi ucundan,
Atılmış körpəyə yazığım gəlir.
Cahanda əyrilik həddini aşıb,
Yaxşılar azalıb,pislər çoxalıb.
Ömür yollarında düz yolu çaşıb,
Əyri yol gedənə yazığım gəlir.
Solmaz Elqızıyam,coşub cağlayan,
Namusla,qeyrətlə qoşa yoğrulan.
Bu fani dünyada əbədi solan,
İNSANAM,İNSANA YAZIĞIM GƏLİR!!!
20.06.2007