cm

* * *

Sənidə itirdim bir payiz günü,
Bütün ümidləri itirdiyim tək.
Vuruldu qəlbimə həsrət düyünü,
Daha arzularım bar verməyəcək.

Daha saymayacam ötən hər anı,
Nə fərqi var axi saat neçədir.
Dünya işığından məhrum olana,
Nə fərqi səhərdir, yoxsa gecədir.

Bilirəm, bilirəm mənəm günahkar,
Suçu özündən ağır, bir bəndəciyəm,
Sənə “dön” desəm, dönmə nə olar,
Bu dəfə sən gəlsən, mən gedəcəyəm…

* * *

Məcbur bir qərari almişam bu gün,
Sənin həyatindan çıxıb gedirəm.
Sönür ocağımız, evimiz üzgün,
Yuvamı əlimlə yıxıb gedirəm.

Ayriliq yetişib, boşdu nə desən,
Fəqət eşqim də sən, ürəyim də sən.
Bəyaz gəlinlikdə gəldiyim evdən,
Geyib qəm libasi çıxıb gedirəm.

Bu günü yaşayinca niyə ölmədim?
Ruhum ərşə qalxdi, yandim inlədim.
Mən səni xoşbəxt edə bilmədim,
Bu dərdi qəlbimə sıxıb gedirəm.

Daha sual etmə, soruşma niyə,
Sənə yadlar kimi baxib gedirəm.
Gözlərin yollarda qalmasın deyə,
Yollari arxamca yığıb gedirəm.

* * *

Mənə qayıtmağı düşünmə birdə,
Gedib, ayrılığı özün seçmisən.
Hardasa qalmısan xatirələrdə,
Fəqət, taleyimə çox gecikmisən.

Get səni bir daha görməsin gözüm.
Sus! bircə kəlmə də sözün olmasın.
Məndə gəlişinə qalmayıb dözüm,
Sənin də gəlməyə üzün olmasın.

Atdın əllərinlə məni odlara,
Odumu sovurdun, külümə dəymə.
Məni diri-diri qoydun məzara,
Canımı almısan, ölümə dəymə…