Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Elə bil itirmişəm mən ağzımın tamını,
Hamı məni unudub, elə mən də hamını…
Bilmirəm doğmalardan niyə uzaq olmuşam?
Gözünü xəzəl tutan gizli bulaq olmuşam…
Bir vaxt at oynadardım, fağıra dönmüşəm mən,
İçini kol-kos basan cığıra dönmüşəm mən…
Budaqların ucunda əsən yarpaq olmuşam,
Xəzələ ovuc açan qara torpaq olmuşam…
Yuvası dağıdılan tənha quşa dönmüşəm,
Üstündə mamır bitən soyuq daşa dönmüşəm…
Bir ünvansız, sərsəri dəli külək kimiyəm,
Dənizlərin dibinə çökən köhnə gəmiyəm…
Hərdən çat-çat qəlbimə ayrılıq güc eləyir,
Boş qalan kayutamda balaqlar gecələyir…
Umacağı olmasa axtaracaq kim səni?
İçim zərlə doludu xəbəri yox kimsənin!
Sahibini gözləyir bir qıfılsız xəzinə, –
O, həmişə bağlıdır nadanların üzünə…
Baxışlarım mizrabdı, hər yarpaq sarı simdi,
Payız nəğmə oxuyur onu dinləyən kimdi?
Yandıran olacaqmı sönən ümid şamını?
Hamı bizi unudub, elə biz də hamını…
13.09.2021