187b19a53b61

Yaman qaş-qabağın töküb göy üzü,
Bəyaz buludların qanı qaralıb
Sükutu küləyin götürmür gözü,
Xofdan ağacların rəngi saralır.

Külək yel atını dördnala çapır,
Önündə ağaclar baş əyir qul tək.
Qatıb qabağına qayaya çırpır,
Selləmə yağışı bu çılğın külək.

Sıyırıb qınından şimşək xəncəri
Yazıq buludların cumur üstünə.
Köçəri quşların dolur gözləri,
Küləyin quşlarla görən qəsdi nə?!

Yenə bulud-bulud ağlayır səma,
Yenə də çayların gözü bulanır.
Könlünü günəşə bağlayan səma,
Şimşək qəzəbindən oda qalanır.

Yaşıl yarpaqların qızarır üzü,
Qızarır həyalı qız bənizi tək.
Kipriyi ləçəkli güllərin gözü,
Dərdini ağlayır hey ləçək-ləçək.

Döyür pəncərəmi şıdırğı yağış,
Oyadır yuxudan xatirələri.
Bu payız yağışı günümə naxış,
Bu yağış payızın Tanrı qədəri.

Yaşıl ümidlərin yaşarır gözü,
Saralan yarpaqlar yaşarmır daha
Qızılı payızın yaşaran üzü
Şıdırğı yağışla başarmır daha

Bu payız həsrətin yarı yarpaqlar,
Daha pıçıldamır öz arasinda.
Qızılı yarpaqlar,sarı yarpaqlar
Vurnuxur qaş ilə göz arasında.

Bu payız-əlləri hənalı uşaq,
Yağışı payızın söz qismətidir.
Yaşıl libasını dəyişən torpaq-
Saralan yal-yamac yaz həsrətidir…

Azərbaycan.Quba.
16.09.2015.