10847025_711689035604766_75158618_n

Sakit, sükut dolu dəniz. Sahili belə məni görərkən qəribə təlatümə gəlir. Sanki düşmənini görürmüş kimi dalğalarıyla məni sahildən qovmağa çalışır, hiddətindən alışır. Dalğalar sahilə elə bir hirslə çırpılırlar ki, hər dəfə ayağımı bir addım arxaya atıram. Gerilədikcə sahildən çox uzaqlaşdığımın fərqinə varıram. Uzaqdan dəniz yaxındakından daha fərqli görünürdü. Dalğaların sahilə hücumu sanki xüsusi rəqsdi. Eyni çılğınlıqla edilən rəqs. Rəqsin zərbəsindən su torpaqla qarışır. Bulanlıq, çirkli dalğalar sanki çirkabıyla mənə olan nifrətini bildirirdi. O dalğaların içində bir sənsizlik vardı. Üstümə gələrək məni boğardı. Geri çəkilməsəm, məni öz qoynunda boğa biləcək qədər qəzəbli dəniz. Ya bu dəniz yox, sənsizlikdi məni boğan?
Qağayıların qığıltısı gəldikcə dalğalar kiçilməyə başlayır. Dalğalarıyla məni boğmağa çalışan dəniz qəflətən sakitləşir. Bir an içində çılğını ram edən qağayılar. Ya bu qığıltılar sənə həzin layla kimi gəldi? Beşiyinə uzanan körpə sənsizlik.