HƏR GÜN ÜRƏYİMİ DAĞLARA AÇDIM
Ahımla ölçülür bu vaxt,qərinə,
Toxunma,işləyər yaram dərinə!
Məni dayaq vuran əqrəb yerinə,-
Saatı tərsinə qurub apardı.
Qol qoyub taleyin bu qərarına,
Şəkil də çəkdirdik quzey qarına.
Qorxdu özgəsinin gələr karına,
Zalım,ümidimi qırıb apardı.
Bu qərib sevdayla sənə möhtacdım,
Ayaq izlərimin dalınca qaçdım.
Hər gün ürəyimi dağlara açdım,
Gözümün nurunu qürub apardı.
QAPIMI DÖYMƏMİŞ AÇAN ADAMLAR
Gözlərim diksindi yağış səsinə,
Yağış da kəsmir ki,gözüm isinə.
Sığınar ruhumun can qəfəsinə.
Qapımı döyməmiş açan adamlar.
Qərib beşiyidir açdığım qucaq,
Qürbətdə köz tutmaz yanan hər ocaq.
Gör neçə bədəni başsız qoyacaq,
Başını götürüb qaçan adamlar.
Gəl ayaq izini yolumdan dər də,
Dünya cənnət olsun qoy bu xəbərdə.
Tikər yuvasını sevən qəlblərdə,
Eşqdən qanadlanıb uçan adam