187b19a53b61

(Didərgin şərqisi, qaçqın harayı)

İçimdə boğulur sözümün canı,
Həsrətim dərdimlə qol-boyun olur.
Necə bu dünyayla qaynasın qanım?
Sevincim dərd olur dərd oyun olur.

Sevinc göz qırpınca dərd ayaq açır,
Gözümdə göyərir göz dağı kimi.
Bu dərdin əlindən hayana qaçım?
Yapışıb yaxamdan qəm yağı kimi.

Çəkir ayağımdan elə bil zaman,
Günlər düz oxumur mənimlə, sanki.
Xəyal yağışında dərdimə həyan
Ürəkdə doğulur ürəkdən sevgim.

Atır ehtiyacın ağzına məni,
Səsimi boğmağa əli yetməyən.
Qənim kəsilərək özümə qənim,
Qayğılar başımda ağarır dən-dən.

Ayağa dolaşır dərd çayır kimi,.
Yağır baxışlardan kədər yağışı.
Həsrətə tuş olan o tayım kimi
Yağır bu tayıma qədər yağışı.

Daşda mamırlanır Vətən harayım,
Torpaqda göyərir mərdin baş daşı.
Kimi Yurd adında para arayır,.
Kimisi qoynunda girləyir başın.

Dilimi yandırır ağzımdakı söz,
Uda da bilmirəm söz qəhər deyil.
Vətən yanğısıdır içimdəki köz,
Ölə də bilmirəm köz zəhər deyil.

Ayrılıq bağrımı sıxan məngənə,
Həsrəti ürəkdən kürüyəmmirəm.
Yurdumda qəriblik toy tutur mənə,
Körpə uşaq kimi kiriyəmmirəm…

İçimdə boğulur sözümün canı,
Həsrətim dərdimlə qol-boyun olur.
Bu zalım dünyayla qaynamır qanım,
Sevincim dərd olur dərd oyun olur.

Azərbaycan Quba 14.07.2000.