1700

6

Şəhid – bu dünyada insan övladının ala biləcəyi ən müqəddəs ad!
Şəhidlik zirvəsi – ən ali zirvə! O zirvəyə ucalmaq da, o ada sahiblənmək də hər kəsə nəsib olmur.
“Şəhidlər ölməzdir!” – Qarabağ müharibəsi zamanı, eləcə də atəşkəs dövründə tez-tez eşitdiyimiz ifadədir. Bəli, şəhidlər ölməzdir. Ölməzdir – ona görə ki, bu vətən uğrunda, bu el uğrunda, ana, bacı, qardaş uğrunda canlarını fəda ediblər.
“Şəhidlər ölməzdir!” – ona görə ki, öz şəxsi mənafelərini güdmədən, böyük ürək və cəsarət sahibi olaraq ölümün gözlərinin içinə dik baxıblar.
“Şəhidlər ölməzdir!” – ona görə ki, həyatlarının ən gözəl çağını, ürəklərindəki arzunu, gözlərindəki işığı, gələcəklərini bizim üçün qurban ediblər. Bu gün rahat yaşamağımızı, suveren və azad ölkə vətəndaşı olmağımızı sözsüz və şəksiz-şübhəsiz onlara borcluyuq.
Yağı düşmənin torpaqlarımıza təcavüzü zamanı doğma vətənimizin müdafiəsinə qalxan minlərlə qeyrətli igidimiz silaha sarıldı. Sinələrini düşmən güllələrinə sipər etdilər. Ana vətəni, balaların xoş gələcəyini, baba-nənələrin şirin yuxusunu qoruyan cəngavər oğullarımız bu amal uğrunda canlarını belə əsirgəmədilər.
Mənə elə gəlir ki, hər bir şəhidin həyatını, igidliyini salnamələşdirmək lazımdır. Qoy bu salnamələr gələcək nəsillərlərə layiqincə çatdırılsın. Qoy gələcək nəsillərimiz torpağımızın necə igidlər yetişdirdiyini bilsinlər. Qoy gələcək nəsillərimiz düşmənlərin namərdliklərini, alçaq hərəkətlərini unutmasınlar! Bu məqsədlə də bu günlərdə Sumqayıtın Tarixi Muzeyində şairə-publisist Rahilə Veysəllinin şəhid Elman Müslüm oğlu Abbasovun unudulmaz xatirəsinə həsr olunmuş “Həsrət yanğısı” kitabının təqdimat mərasimi keçirildi. Təqdimatdan daha çox şəhidin ölməz ruhunun anım günü kimi təşkil edilən tədbirdə Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları, şəhidin ailə üzvləri, məktəb yoldaşları, əsgər yoldaşlarının valideynləri, Sumqayıt Dövlət Texniki kollecinin tələbələri, “Təfəkkür” liseyin şagirdləri, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin nümayəndələri, N.Nərimanov adına Mədəniyyət evinin “Pöhrə” uşaq aşıqlar ansamblının üzvləri iştirak edirdilər.
“Həsrət yanğısı” şairə-publisist Rahilə Veysəllinin oxucularla kitab halında altıncı görüşüdür. Bu vaxta qədər onun “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir” adlı şeirlər, “Vətən fədaisi” adlı publisistik və “Dərd şələsi” adlı povestlər kitabları işıq üzü görüb.
“Həsrət yanğısı”nı mütləq oxuyun. Şəhid haqqında oxumaq hamı üçün ağırdır. Ürəyiniz ağrısa da, gözləriniz yaşla dolsa da, qəlbinizi qüssə, kədər didsə də bu kitabı oxuyun. Şəhid Elman Abbasovun həyatı, döyüş fəaliyyəti, atası Müslüm kişinin yaşadığı çətin günlərlə tanış olan Rahilə xanım “Mən bu vətən qarşısında, şəhidlərin ölməz ruhları qarşısında öz insanlıq borcumu bu igidin həyatını işıqlandırmaq, şücaətini və vətənsevərliyini tərənnüm etməklə ödəmək istədim” – deyir.
Şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan Sumqayıtın Tarixi Muzeyinin direktoru, respublikanın Əməkdar Mədəniyyət işçisi Olya xanım İslamova şəhidlərlə bağlı istənilən tədbirə hazır olduqlarını, onların ruhları qarşısında baş əydiklərini, vətən, millət, dövlət naminə əllərindən gələni etməyə hazır olduqlarını bildirdi. Şəhid Elman Abbasova muzeydə ayrıca guşə ayrıldığını, orada Elmana və digər Sumqayıt şəhidlərinə həsr olunmuş şəxsi əşyaların, geyim nümunələrinin, şəkillərin saxlanıldığını qeyd edən Olya xanım bunun gələcək nəsilləri maarifləndirmək baxımından önəmli olduğunu qeyd etdi.
Çıxış edən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, “Həsrət yanğısı” kitabının redaktoru və ön sozün müəllifi, respublikanın Əməkdar jurnalisti Rafiq Oday şəhidliyin hər kəsə nəsib olmayan ilahi məqam olduğunu bildirdi. “Allah öz sevimli bəndələrinə bu şərəfli adı, şəhid olmaq müqəddəsliyi bəxş edir. Mən özüm Sədərək döyüşlərinin iştirakçısı olmuşam. Mənim sağımda döyüşən yoldaşım da şəhid olub, solumdakı da. Amma mən sağ qalmışam. Düşünürdüm ki, yəqin mən Tanrı yanında nəsə bir günah sahibiyəm ki mənə şəhidlik məqamını qismət etmədi. Amma sonradan həyat mənə başqa formada şəhidlər qarşısında olan mənəvi borcumu ödəməyi nəsib etdi. Bu bir təşkilat olaraq şəhid ailələrinə arxa-dayaq olmağa, onların xatirələrinin əbədiləşdirilməsi naminə əlimizdən gələni etməyə hər zaman hazırıq.”
Sumqayıt məktəbliləri tərəfindən şair Rafiq Odayın kitaba ön söz əvəzi olaraq yazdığı şeirlərin bədii qiraət edilməsi, Elmanın da canından, qanından, ruhundan bir parça olan sazda ifa olunan “Ruhani” qəlbləri titrətməyə bilməzdi.
Çıxış edənlər sırasında şəhidin bacıları, uşaqlıq və gənclik dostları da var idi. Hər kəsin ürəyində nisgil, gözlərində yaş olsa da, dillərində yalnız bir ifadə var idi – Vətən sağ olsun! Sonda tədbirin təşkili və yüksək səviyyədə keçirilməsi üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirən Müslüm ata oğul itkisi yaşamağın verdiyi ağrı ilə beli bükülsə də, şəhid atası olmağın gətirdiyi qürurla və vüqarla ayaqda idi. “Gün o gün olsun ki oğlumun, minlərlə azərbaycanının qanı axan o müqəddəs torpaqlarda üçrəngli bayrağımız vüqarla dalğalansın” – dedi.
Əminəm ki bu kitab, bu təqdimat şəhidlərlə bağlı sonuncu tədbir olmayacaq. Azərbaycanın azadlığı naminə canından keçən igid oğulların adları həmişə hörmətlə anılacaq, adlarına kitablar bağlanacaq, şeirlər, romanlar yazılacaq, onların ruhlarına ən gözəl ərmağan isə QƏLƏBƏ müjdəsi olacaq.

Gülnarə Şöhrəddinqızı,
“Möhtəşəm Azərbaycan” qəzeti