ƏLİNCƏ
Günəş uca zirvəsindən boylanır,
Yamacları çən- dumandır Əlincə.
Hər qayadan bir salnamə oyanır,
Tariximə şöhrət, şandır Əlincə.
Qan rəngində çox qayası, çox yeri,
Sinəsində nizə yeri, ox yeri.
Şahinləri bürc üstündə əsgəri,
Düşmən gəzir nə zamandır, Əlincə.
Sınmış daşdır dəbilqələr, zirehlər,
Sınmış daşdır cahangirlər, fatehlər,
Daşdan qeyrət, daş cəsarət, daş hünər,
Daşa dönmüş qəhrəmandır Əlincə.
Əlincəçay ürək teli, qəlb simi,
Ləpələri alıb gedir səsimi.
“Ənəlhəqdir” mürşid, ustad Nəsimi,
Haqq yolunda bir ümmandır Əlincə.
19.11.2015.
GÜLƏ-GÜLƏ
Bəzənibdir sərvi boylum,
Sığal çəkib qızıl telə.
Gözəllərdə dəbdir-məlum,
Naz eyləyə gülə-gülə.
On beş günlük nazlı qəmər,
İncə belin qucub kəmər.
Körpə ceyrandır südəmər,
Düşəcəkdir dildən-dilə.
Şux gülüşü alır canım,
Damarımda coşur qanım.
Balla dolu pətək, şanım,
Damcıldayır gilə-gilə.
Kirpikləri kölgə salır,
Kəpənəktək qanad çalır.
Gah can verir, gah can alır,
Üzür məni bilə-bilə.
O, Dövrana açıb meydan,
Nurludur o, ulduz, aydan.
Sürünürəm keçən yaydan,
Nə hə deyir, nə yox hələ.
18.11.2015.