ELƏMİ
Mən dəliyəm, sən adlı eşq əlində,
Dolanıram sən sevdanın yelində.
Gecə-gündüz adın mənim dilimdə,
Sən də mənlə alışmısan, eləmi?
Ayrı olsan ağ saçıma dən düşər,
Kədər gələr, sevinc məndən gen düşər.
Baxışınla həyatıma gün düşər.
Sən də nura qarışmısan, eləmi?
Yandırıb qəlbimi döndər kömürə,
Soyuq suya salıb döndər dəmirə.
Ruhunu mənimlə döndər ömürə,
Sən də mənlə barışmısan, eləmi?
Tanrı bizə yazmaz sevgi günahı,
Gecə keçsin, birgə açaq sabahı.
Mən eşqindən soruşmuşam Allahı,
Sən də məndən soruşmusan, eləmi?
19.11.2015
SƏNƏ GƏLƏN YOLLAR
Dilimi bağlayıb, edib lal məni,
Eşqinlə ilana dönüb çal məni.
Lalə yanağında saxla xal məni,
Sənə gələn yollar yadımdan çıxmaz.
Sevgi dolu dənəciklə nar, budur,
Sinəsində məsgən salan qar, budur.
Məhəbbət odunda olan qor, budur,
Sənə gələn yollar yadımdan çıxmaz.
Dolar bulud, yağar yağış, göy gülər,
Mizrab vurar sarı simə, ney gülər.
Gözlərinə baxan gözüm hey gülər,
Sənə gələn yollar yadımdan çıxmaz.
Fələk atın çapıb gəlib çatmamış,
Əlimizdən mələk əli tutmamış.
Həyat bizə nadan çıxıb satmamış,
Sənə gələn yollar yadımdan çıxmaz.
16.11.2015
SƏNİN ÜRƏYİN
Özünlə, sözünlə döyünən, vuran,
Lalə qönçəsidir sənin ürəyin.
Od vursan alışan, dondursan sınan,
Sevgi süşəsidir sənin ürəyin.
Qazancım sən olan, məhəbbətinlə,
İdeal eşqinlə, sədaqətinlə.
Ömrümə geç gələn həqiqətinlə,
Gülüş nəşəsidir sənin ürəyin.
Gecə röyaların qucaq yeridir,
Yanan ürəyimin ocaq yeridir.
Həsrətin, hicranın qaçaq yeridir,
Həyat meşəsidir sənin ürəyin.
Çaydı-şəlalədir, gur gələn seldi,
Çəməndi, çiçəkdi, bağımda yeldi.
Bu ahıl yaşımda ürəyim bildi,
Onun qoşasıdır sənin ürəyin.
15.11.2015