12272796_1654052408169394_1251811743_n

Bəndalı Coşqun…Bu adı eşidəndə ümidi bir saç teli qədər qalmış “ədəbi mühit” arzularım sağalır…
Bəndalı Şəmkirin Zəyəm kəndində anadan olub həmin kənddə oxuyub , boya-başa çatıb…
Bəndalını ilk görən gün poeziyasıyla tanış olduğum gün elə sevindim ki…
Şəmkir indidən çox böyük bir fərəh duymalıdır ki qoynunda Bəndalı kimi bir Qəzəlxan yetişir…
Bəndalı çox duyğulu , mənalı ən əsası odur ki ifratsız və ağıllı yazır…Bəndalının dəyəri odur ki o sözün dəyərini bilir…
Bir də Bəndalının qəzəllərində xüsusilik var ki dədə-baba üsulu ilə yaradır…Qədim dövrdə yazılan üsulda…Mən məsuliyyətlə deyirəm Xəqani , Nəsimi nəfəsində…
Bəndalı qəzəllərində ərəb-fars mənşəli sözləri yerində , doğru və yetərincə işlədir…Bu da xüsusi gözəllik verir qəzələ…

Yerə etdikdə sirayət yağışın damlaları,
Verə hər qəlbə hərarət yağışın damlaları.

Gecədən ta səhərə gəl yenə leysan yağaraq,
Düşə bu torpağa ne’mət yağışın damlaları.

Dəxi mənsiz, görəsən, sevgili canan nə edir,
Mənə ondan edə söhbət yağışın damlaları.

Enə bu yer üzünə, sanki həzin musiqi tək,
Edə bu qəlbimi rahət yağışın damlaları.

Yağışı bax belə vəsf etməyə bu Bəndalıya,
Yarada bir daha fürsət yağışın damlaları.

***

Üzüb artıq məni sənsiz bu məhəbbət, gözəlim.
Nə olar dön geri bitsin daha həsrət, gözəlim.

Baxıram Ayə, xəyalınla qurub ünsiyyət,
Edirəm hər gecə sənlə yenə söhbət gözəlim..

Bağlama sevgimizi qismətə çün, tarixə bax
Qeysə də olmadı öz Leylisi qismət, gözəlim..

Düşmüşəm heyrətə ta gördüyüm andan səni mən,
Görmədim sən kimi bu dəhrdə afət, gözəlim.

Sordum insanlara bu sevgi məhəbbət nə imiş,
Sən demə heç yox imiş sevgiyə qiymət gözəlim.

Yazdığım namələrin yoxmu sənə tə`siri heç?
Nola bir gözlərin etsin mənə diqqət, gözəlim.

Var ümidim ki dönərsən mənə, gər dönməyəsən.,
Tapşırar canını bu Bəndalı əlbət, gözəlim.

****

Qəlbən sevirəm mən elə bir yarı gözəldir.
Həm hüsnü gözəl həm də həya, arı gözəldir.

Qafil, elə bir bağdı ki, bu sevgi-məhəbbət,
Aşiqlər üçün həm gülü həm xarı gözəldir.

Yüz hüsnü gözəl olsa da gər göz qabağında,
Hər aşiq üçün sevdiyi dildarı gözəldir.

Hər aşiqə öz yarı gözəl olduğu tək bil,
Hər bir ağaca verdiyi öz barı gözəldir.

Ey Bəndalı, hər söz yazana söyləmə şair,
Şair ona de yazdığı əşarı gözəldir

****

Ey gül, məni bu sevgidə bimar elədin sən,
Pünhan idi, hər dərdimi aşkar elədin sən.

Bir vaxt mənə öz sevgini izhar eləsən də,
Çox keçmədi heç, sevgini inkar elədin sən.

Dərdim ilə birlikdə qoyub sən məni getdin,
Bir özgəyə öz eşqini izhar elədin sən.

Üz döndərərək sən mənə, saymaz yana keçdin,
Hər dəm məni, min dərdə giriftar elədin sən.

Etdin elə rəftar onu düşmən belə etməz,
Ey yar, niyə mənnən belə rəftar elədin sən?!

Bir dəm dinərək qəlbimi viran eləyibsən,
Bir anda edərsən onu gülzar elə dinsən.

Bir ağ vərəqə, Bəndalı, öz dərdini yazdın,
Xalqın oxumaqçün onu əşar elədin sən.

Gördüyünüz kimi bu gözəl, mənalı, estetik-mənəvi zövq verən misraların , beytlərin sahibidir Bəndalı Coşqun…
Bəndalıya gələcək poetik fəaliyyətində və həyatında uğurlar arzu edirik… Yaz Bəndalı! Yaz!