Güvəndiyimiz dağlara qar yağanda
Qar dağlara yağar, ancaq güvəndiyimiz dağlaramı?
Əslində gözəldir qarın yağması, təmizləyir təbiəti mikroblardan, çirkablardan.
Güvəndiyimiz dağlara qar yağanda isə güvənimiz təmizlənir, yalanlardan və biz böyüyürük.
Böyümək gözəldi, bunu uşaq vaxtı belə bilirdik.
Türk filimlərindən görüb, bildiyimiz sevgini biz də yaşayacaqdıq, böyüyüb.
Böyüdük, sevgilər elə filimlərdə qaldı..
Dostluqlar Qaf dağının ardında yaşayan Səməndər quşunun qadanlarında gizləndi, insanlar qorxub.
Güvəndiyimiz dağlara qar yağdı, qar əriyib çamur oldu və ürəyimizi kirlətdi.
Şairlərdən öyrənə bilmədik sevgini, sevginin göz yaşı ola bilmədi şeirlər.
Sevdiyimiz şeirləri unutdu sevənlər, ilk namədə yoruldu aşiqlər. Pəri qızına vurulan aşiq ilk namədən sonra söylədi “ ayrılıq” qəzəlini.
Şeyx Sənan tək atdı özünü qayalardan. O, donuz otaranda , donuz damında aldatdı onu sevdiyi qadın.
Onun tanrısı gözəllikdi, sevgi idi. Tanrı isə çoxdan əl çəkmişdi sevgidən və gözəllikdən.
Sənanın özünü atdığı dağ idi, bəlkə də qarın yağdığı dağımız. Ya da Pəri qızının aşiqini, məktubu gətirən bağbanla aldatdığı bağ idi, cəsədimizin düşdüyü yer.
Güvəndiyimiz dağlara qar çoxdan yağmışdı əslində. Fərhad kimi oğlanı Xosrova dəyişdiyi gün Şirinin. Ya da Fərhadın ahı Şiruyənin bədəninə bürünüb saplandığı gün Xosrovun ömrünə əridi ayağımızın altındakı qarlar və göy üzünə yüksəldik biz. Bir daha dəymədi ayağımız ən yüksək zirvələrə belə.
Güvəndiyimiz dağlara bir daha qar yağmayacaq, bir daha aldatmayacaq bizi qış günəşləri.
Güvəndiyimiz dağların öldüyü gün mübarək.
Mübarək böyüdüyümüz gün.