Afetxanim

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

Unutsam…

Bircə yol sinənə baş qoyum deyə,
Dönərəm, qarının teli olaram.
Sən məni unutsan,vəfalı yoldaş,
Mən səni unutsam, dəli olaram.

Balıncın altında qalan mitiləm,
Görüş yerindəki köhnə kətiləm,
Elə istəyirəm, gedəm, itiləm,
Arxanca bir sual seli olaram.

Başını qat elə oğul-uşaqla,
Mənim də yerimi boşluqda saxla,
Səndən hər gələni bağladım Haqla,
Haqdan da gələnin qulu olaram.

Butamsan, yuxum var, bağrıma badaş,
Elə sayıqlaram-səninlə adaş,
Sən məni unutsan, vəfalı yoldaş,
Mən səni unutsam, dəli olaram.

11.12.2015

Bir neftçinin xatirəsinə

Soruşma, necəyəm, necə olum ki?
Dənizdə dağların buzu kimiyəm.
Verilən sualam,gəlməyən cavab,
Sənə son yazdığım yazı kimiyəm.

Soruşma necəyəm, başıbəlalı,
Payızı bəlalı, qışı bəlalı,
Olmayan sinə, baş daşı bəlalı.
Belə lap dənizin özü kimiyəm.

Soruşma, “dirilik suyu”yam artıq,
Neft qoxan, qaz qoxan quyuyam artıq,
Əlinə toxundur, uyuyan artıq,
Susan bir dənizin duzu kimiyəm…

10.12.15