QOPA BU DÜNYA
Yenə qan içində, od içindədir,
Yorulmuş, usanmış, qoca bu dünya.
Mərmilər, güllələr öz işindədir,
Az qalır kökündən, qopa bu dünya.
Suçlular hökm edir suçsuz cahana,
“Qanlı arayırlar”, tökülən qana.
Qıyılır hər saat minlərlə cana,
Az qalır kökündən, qopa bu dünya.
Başacan yaşanmır, bəxtsiz ömürlər,
Zavala gəlirlər, vaxtsız ölürlər.
Çağalar, ahıllar, sitəm görürlər,
Az qalır kökündən, qopa bu dünya.
Dünya əşrəfinin düşüb qiyməti,
Həyatın dəyəri bilinmir qəti.
Dərrakə dərk edir, bu həqiqəti-
Az qalır kökündən, qopa bu dünya.
Seçəmmir qərəzli kini, küdrəti,
Bəsirəti bağlı, sönüb qüdrəti.
Dünya Birliyinin, nədir niyyəti?
Az qalır kökündən, qopa bu dünya.
Boş, saxta vədləri, edib sədəqə,
Qərblilər qəzəbin tuşlayıb Şərqə.
Təlatüm labüddür, hər bir dəqiqə,
Az qalır kökündən, qopa bu dünya.
Vicdanlar oyansın, etsin təcəlli,
Düyməyə basmasın, fələyin əli.
Nə vaxtdır bu gerçək Dövrana bəlli-
Az qalır kökündən, qopa bu dünya.
20.12.2015.
AŞİQ OLMUŞAM
Artıq qərarlıyam, bu gün deyəcəm,
Qoy hamı bilsin ki, mən vurulmuşam.
Öz alın yazıma boyun əyəcəm,
Görsünlər mən sənə, aşiq olmuşam.
Gül olub yolunun üstə bitəcəm,
Bülbültək eşqimə nəğmə ötəcəm.
Könlümdə nə varsa, açıb tökəcəm,
Görsünlər mən sənə, aşiq olmuşam.
Səninlə coşacaq ilhamım, təbim,
Eşqinlə vuracaq nəbizim, qəlbim.
“Hə” söylə, olginən yaşam səbəbim,
Görsünlər mən sənə, aşiq olmuşam.
O gizlin baxışlar, az söz demədi,
Bilirəm, sənin də, könlün mənədi.
Söylə öz sözünü,- meylin kimədi?
Görsünlər mən sənə, aşiq olmuşam.
Söylə aşiqəm mən, şair Dövrana,
Son qoyaq bu gündən həsrət, hicrana.
Yayılsın bu sevgi, yurdda hər yana,
Görsünlər mən sənə, aşiq olmuşam.
21.12.2015.