em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ABİ

Adımız bir, soyumuz bir,
Əziz dostsan vətənimdə,
Biz sirdaşıq, biz qardaşıq,
Xoş günümdə, dar günümdə,
Gələsən abi.

Bir babanın övladıyıq,
Can deyərəm nə söyləsən,
Ağlayanda ağlayasan,
Mən güləndə sevinəsən,
Güləsən abi.

Dalğalanır bayrağımız,
Uca tutum qoy başımı,
Yaxına gəl tut əlimdən,
İstəyirəm göz yaşımı,
Siləsən abi.

Hay ver mənim harayıma,
Tanrı qoy qorusun bizi,
Gəl bağrıma basım səni,
Gərək sən də dərdimizi ,
Böləsən abi.

Bir cənnətdir məkanımız,
Doğma, əziz məmləkətik.
Canımız bir, qanımız bir,
İki dövlət bir millətik,
Biləsən abi.

DAĞLAR YOL VERİN

Elim-obam boş qalıbdı,
Yaz ömrümü qış alıbdı,
Dərd qəlbimdə yurd salıbdı,
Dağlar yol verin, yol verin.

O bağlar, bağçalar hanı,
Neyləyirəm xəstə canı,
Qalıb dərdimin dərmanı,
Dağlar yol verin, yol verin.

Bu nə ömürdü, bilmirəm,
Qəlbim açılmır gülmürəm,
Ah çəkən şeyda bülbüləm,
Dağlar yol verin, yol verin.

Yollarımı bağlamayın,
Ürəyimi dağlamayın,
Məni yoldan saxlamayın,
Dağlar yol verin, yol verin.

Qürbət elə yurd demərəm,
Ayrılıqdı ən acı qəm,
Həm Lələyəm, həm də Kərəm,
Dağlar yol verin, yol verin.

Əziz Musa dözmür daha,
Yalvarır hər gün Allaha,
Batmayın bir də günaha,
Dağlar yol verin, yol verin.

GÜLÜM

Güllərin incəsi, qönçəsi, təri,
Ömrümün günümün nurlu səhəri,
Xoşbəxtəm mən səni görəndən bəri,
Səndən özgəsinə baxmaram gülüm.

Günəş olan yerdə nə ulduz, nə ay,
Mənim qismətimə düşən gözəl pay,
Sən məni özünə hər vaxt yaxın say,
Səndən özgəsinə baxmaram gülüm.

Qurbanın olaram əgər istəsən,
Ceyran baxışlısan, boyu bəstəsən,
Könül sarayımın sultanı sənsən,
Səndən özgəsinə baxmaram gülüm.

Yatıb yuxuda da görürəm səni,
Unutmaz heç zaman sevən sevəni,
Başqa birisinə qısqanma məni,
Səndən özgəsinə baxmaram gülün,

Adınla bağlıdır hər şirin sözüm,
Mən səni seçmişəm, sevmişəm özüm,
Baxsam özgəsinə, kor olsun gözüm,
Səndən özgəsinə baxmaram gülüm.

ANA

Elə sevinirdim, elə gülürdüm,
Özümü yenə də uşaq bilirdim,
Yox idi niskilim, yox idi dərdim,
Bu gecə yuxuma gəlmişdin, ana.

Yuxuda saçımı sığallayırdın,
Mənə şirin-şirin layla çalırdın,
Təndir qalayırdın, çörək salırdın,
Bu gecə yuxuma gəlmişdin, ana.

Başımı qoymuşdum dizinin üstə,
Saçların düşmüşdü gözümün üstə,
Bir nəğmə var idi o, şirin səsdə,
Bu gecə yuxuma gəlmişdin, ana.

Mənim hər kəlməmə can-can deyirdin,
Nağıl söyləyirdin, dastan deyirdin,
Canını canıma qurban deyirdin,
Bu gecə yuxuma gəlmişdin ana.

Qara qaşlarını çatırdın yenə,
Ömrümə bal-şəkər qatırdın yenə,
Arxamca sərin su atırdın yenə,
Bu gecə yuxuma gəlmişdin, ana.

Sönməz qaladığın bu od, bu ocaq,
Ruhun narahatdı göylərdə ancaq,
Bilirəm, bu günüm nurlu olacaq,
Bu gecə yuxumuma gəlmişdin, ana.

Mənbə: https://edebiyyat-az.com