CƏNNƏTDƏN GƏLƏN SƏS
Gəl həsəd aparma yurduma, qardaş?
Sən gələn diyardan köçüb gəlmişəm.
Məni bu ünvana səsləyən ki var,
O kəsin yolunu seçib gəlmişəm.
Bu yolda başıma gəlməyib nələr?!…
Əzabla aşmışam dağlar, dərələr,
Polad qalxanımı etmişəm sipər
Vəhşi düşmənimdən qaçıb gəlmişəm.
Yorulmaq bilmədim səfər zamanı,
Çalışdım bürüsün ətir cahanı,
Bir gül ləçəyinə batan tikanı,
Əlim qanasa da biçib gəlmişəm.
Xoş keçən güzəran bitməsin deyə,
Üzlərdən təbəssüm itməsin deyə,
Dünyadan şirinlik getməsin deyə,
Mən acı şərbəti içib gəlmişəm
Bir zalim yolumu kəsəndən bəri,
Tarixə mən yazdım ‘Xeyir və Şər’ i,
Əhdimdən, yolumdan
dönməyib geri
Qırmızı səhradan keçib gəlmişəm.
06.02.2015
BİZ QƏMLİ DÜNYANIN GÖZ YAŞLARIYIQ
Biz qəmli dünyanın göz yaşlarıyıq,
Fərqli gözlərində doğulmuşuq biz!…
Fərqli gözlərində böyümüşük biz!…
Fərqli yanaqlardan yola çıxmışıq,
Təklikdən usanıb, hey darıxmışıq,
Görmədən sevmişik bir birmizi,
Bilsək də,
Bu dünya bir təbəssümə
Aldanıb üzündən siləcək bizi,
Heç vaxt itirmədik ümidimizi.
Göz yaşı olsaq da,
ürəyimiz var!
Haçansa qovuşmaq diləyimiz var!
Bu qəmli dünyanın üzü gülməsə,
Rəhm edib üzündən bizi silməsə
Axıb dodaqlarda qovuşacağıq.
Axıb…
Dodaqlarda qovuşacağıq!
* * *
Yenə məhzundu könül sənsiz, ey afət, bu gecə,
Bürüyüb qəlb evimi qəmli təravət bu gecə.
Qulağımdan asılan incə, məlahətli səsin,
Gözlərimdən yuxumu eylədi qarət bu gecə.
Hər dikildikcə ötən xatirələr göz önümə,
Tükənir get-gedə canımda mətanət bu gecə.
Bəmbəyaz nuru ilə sanki döyür pəncərəmi,
Yoxluğundan eləyir Ay da şikayət bu gecə.
İsti, qızmar nəfəsin gəzməsə ətrafımda,
Titrəyən qəlbdə yüksəlməz hərarət bu gecə.
İsa, həsrət ki səni səylə salır haldan hala,
Sabahı görməyinə yoxdu zəmanət bu gecə.
DƏLİ OLMAQ İSTƏYİRƏM
Dəli olmaq istəyirəm…
Bilirəm…
bu istəyimin
Onsuz özü dəlilikdir.
Soruşma heç bu nə arzu, nə istəkdir?!..
Necə deyim…
Necə deyim bəyəndiyim bir xanımın
Qəbuluna bayramlarda düşmək olur,
Məktubuma bayramlarda cavab yazır,
Bayramlarda ürəyimə
Sevinc dolur, fərəh dolur.
Bu bayramdan o bayrama
Zaman axmır, zaman donur,
Camalıma həzin-həzin kədər qonur.
Bu bayramdan o bayrama
Özləm xeyli sıxır məni,
Ayrılığın üfunəti boğur məni.
Eşitdim ki, dəlilərə
Hər ötən gün bayram imiş…
Heç ağlıma yatmır bu iş.
Mən bayramı iplə çəkim,
Dəli hər gün bayram edə?!…
Çox uzatmaq istəmirəm…
Onu hər gün anmaq üçün
Dəli olmaq istəyirəm…
Dəli olmaq istəyirəm.
Bənzər
Səssiz gülüşün bülbülə xas nəğməyə bənzər,
Tərs – tərs baxışın canıma qəsd etməyə bənzər,
Göz süzməli, küskün baxışın qəmzəyə bənzər,
Səssiz yol alan nəm baxışın naləyə bənzər.
Ətrin dolanan çevrə mənə şanlı vətəndir,
Ver saçını çılğın küləyə, könlümü dindir,
Kirpiklərin, ey yar, elə bil tazə çəməndir,
Göz yaşın ona sübhü qonan jaləyə bənzər.
Gül, ağlama yağmurlu gözün nurunu saçsın,
Dinsin gözünün yağmuru, göy qurşağı açsın,
Məsum baxışım laləli gülzarı dolaşsın,
Xalın bəzəyən al yanağın laləyə bənzər.