12091354_1653537131524991_3860076084131834097_o

G Ə M İ Q A Y A

Daş dövrünün düşüncəsi,
Daşdan qopan insan səsi.
Əsrlərin daş nəğməsi
Hər vərəği bir sal-qaya,
Daş kitabım, Gəmiqaya.

Tutub əldə ox-kamanı,
Dayandırıb vaxt, zamanı.
Tariximin əhd-peymanı
Iffət, namus, qeyrət, həya,
Daş kitabım, Gəmiqaya.

Məkanıdır ilk insanın,
Gündoğanın, günbatanın.
Əkiz tayı Qobustanın,
İlk əlifba bu dünyaya,
Daş kitabım Gəmiqaya.

Valeh edibdir bəşəri,
Od oğlunun daş əsəri.
Daşa yazılmış zəfəri
Rəsm, təsvir gəlməz saya,
Daş kitabım, Gəmiqaya.

Başı üstə duman, tüldür,
Dörd bir yanı çiçək, güldür.
Hər səhifəsi milyon ildir
Sığmaz əsrə, günə, aya,
Daş kitabım, Gəmiqaya.

23.12.2015.

O L A S A N

Səni görüm a bəxtəvər,
Hər bir zaman var olasan.
Toxunmasın sənə nəzər,
Xoşbəxt, bəxtiyar olasan.

Gəlib çatıb bahar çağın,
Allanıbdır gül yanağın.
Gəl mən olum güvənc dağın,
Sən döşümdə qar olasan.

Gülüm , mən eşq bağbanıyam,
Gül- çiçəyin həyanıyam.
Qismətsə, bəxti sınıyam,
Gül bağçamda nar olasan.

Yetsə mənə gül nəfəsin,
Oxuyaram eşq nəğməsin.
Bahəm gəlsin məlhəm səsin,
Sinəm üstə tar olasan.

Arzu, istək, amal ilə,
Namus, iffət, kamal ilə.
O gül- çöhrə, camal ilə,
Bu Dövrana yar olasan…

22.12.2015.