Təkliyinlə doldurarsan otağı,
Gözlərindən yuxun ərşə çəkilər.
Boylanarsan pəncərədən aşağı,
Görərsən ki, buza dönüb səkilər.
Ürəyinin alovunu, odunu,
Ovcundaca kiridərsən, kiriməz.
Unutduqca ayrıldığın qadını,
Səkilərin buzu hələ əriməz.
Dizlərini ürəyinə sıxasan,
Buza dönər gözlərinin yaşı da.
Pəncərədən hey aşağı baxasan,
Səki üstə keçirəsən qışı da…
Bəhanə tap, gözlərinlə ha yol çək,
Gələcəkdi, gəlmədi yol uzaqdı.
Qış günündə səki üstə mənim tək,
Darıxanlar hamısı yalquzaqdı…
Təkliyinlə doldurarsan otağı,
Gözlərindən yuxun ərşə çəkilər.
Boylanarsan pəncərədən aşağı,
Görərsən ki, buza dönüb səkilər…