Qadasın alardım, tozun alardım,
Mən ki, dəlisiyəm daş gözəllərin.
Öpüb gözlərimin üstə qoyardım,
Canlana bilsəydi heykəl əllərin.
Biraz da sükutdur elə yaşamaq,
Biraz da dincəlsəm kölgəndə sənin.
Sənin dayandığın zirvəyə ancaq,
Ölənlər yetişir ölkəndə sənin.
Utanma gözümün içinə baxıb,
Min il yaşamısan, min il ölmüsən.
Sən bu ucalığa səsinlə qalxıb,
Bir heykəl diliylə kiridilmisən.
Yanında yerim var aman günüdür,
Min insan ömründən bahalı heykəl.
Hər gün bu vətəndə nişan günüdür,
Elləri qanımla xınalı heykəl…
Qadasın alardım, tozun alardım,
Mən ki, dəlisiyəm daş gözəllərin.
Öpüb gözlərimin üstə qoyardım,
Canlana bilsəydi heykəl əllərin.