mm

Ustad aşıq Pənah Pənahova

Sinəsində sazı-sözü,
Gəzdi doğma yurdu Pənah.
Bayram oldu hər gəlişi,
Harda məclis qurdu Pənah.

Həm şairdi, həm aşıqdı,
Toy-düyünə yaraşıqdı,
Tükənməyən bir işıqdı,
Könüllərdə nurdu Pənah.

Koroğlunun Cünunuydu,
El-obanın yananıydı,
Dindi, meydan onun idi,
Hər sözü bir ordu Pənah.

Hikmət vardı duruşunda,
Ər idi söz vuruşunda,
Böyük sənət yarışında,
Çoxlarını yordu Pənah.

Pərdələrdə gəzə-gəzə,
Barmaqları döndü közə,
Yaratdığı hər bir sözə,
Min bir naxış vurdu Pənah.

Qanında Kür qeyrətinin,
Böyük-kiçik hörmətinin,
Ölməz bu el sənətinin,
Keşiyində durdu Pənah.