XOŞBƏXT ELƏMƏYƏ GƏLMİŞƏM SƏNİ
Kövrək xatirəndə qalan izlərim,
Əbədi həkk olsun ömür yolunda.
Sənə həsrət qalan yorğun gözlərim,
İzn ver dincəlsin gül camalında.
Çıxart xəyalından aşkara məni,
Bəxtim qoy bəxtinə zəmanət olsun.
Xoşbəxt eləməyə gəlmişəm səni,
Ömrün də ömrümə əmanət olsun.
Eşqinlə çək çıxart ürəyimi, gəl,
Təkliyin qaranlıq gor quyusundan.
İllər yolumuzda olmasın əngəl,
Doğulaq taleyin kor quyusundan.
İNSANLIĞA
Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
Hər bir insan saf əməl versin zəkat insanlığa.
Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
Eyləsinlər çox savab işlər barat insanlığa.
Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.
Vermə əldən insafı, fürsət var ikən adil ol,
Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.
Sözlərinlə gəl, Müzəffər, qəlbləri abad elə,
Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.