Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
B Ə S İ N D İ R
Yenə də tökmüsən qaş-qabağını,
Elə bil dünyanın dərdi sənindir.
Sən Allah əritmə ürək yağını,
Bu qədər ahu-zar, yetər bəsindir.
Gözəldə adətdir, qaşların çatmaq,
Qıyqacı baxaraq, əda, naz satmaq.
Daha lazım deyil tufan qoparmaq,
Əssə bir ruzigar, yetər bəsindir.
Doğrudur, qoruyar tikan qönçəni,
Dağın da bəzəyi dumanı, çəni.
Nurlandır sevgilim, zülmət gecəni,
Bu qədər intizar, yetər bəsindir.
Uyma nakəslərin fitnə, felinə,
Şəkər qat, ya bal qat, acı dilinə.
Mənimtək düzilqar düşməz əlinə,
Nazın da sonu var, yetər bəsindir.
Bizə qarğıyanın kor olsun gözü,
Sənmi haqlı, ya mən?-bilmirəm düzü.
Deşmə sən, Dövranın köksündə közü,
Gəl olma qəmküsar, yetər bəsindir.
01.02.2016.
ÇOX GÖRDÜN MƏNƏ
Mən səni ömrümün baharı sandım,
Illərlə eşqinlə alışıb yandım.
Sevgimdən nə döndüm, nə də usandım,
Dedim bəlkə bir gün sevə, bəyınə,
Sənsə, bu sevdanı çox gördün mənə.
Gecələr ulduzla, ayla danışdım,
Xəyalən əl-ələ gəzdim, dolaşdım.
Gərçəkdə kədərlə hey qucaqlaşdım,
Nə deyim mən qəlbi daşa dönənə?
Sənli bir həyatı çox gördün mənə.
Gözlərin ram oldu kor bəsirətə,
Meyl etdin sərvətə,şana, şöhrətə.
Xor baxdın ey zalım,sən səadətə,
Döndün məhəbbətin qəddin əyənə,
Bir toyu, büsatı çox gördün mənə.
O vaxtdan Dövranın gözü nəmlidir,
Qəlbi hüzünlüdür, qüssə,qəmlidir.
Bu üzdən sözləri çox şəbnəmlidir,
Qərq etdin bir ömrü dumana, çənə,
Sevinci, səadəti çox gördün mənə.
02.02.2016.