Bakı Dövlət Universitetin foyesində Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisinə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. Rektor Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun Rusiya nümayəndəliyi tərəfindən bu siyasətin uğurla həyata keçirildiyini qeyd edib. Rektorun çıxışından sonra Xocalı qətliamının ilk şahidlərindən biri, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin xatirələri dinlənilib.
Daha sonra “BDU Dram Klub”un iştirakçılarının Xocalıda həmən gecə baş verən dəhşətləri, qətliamı özündə əks etdirən səhnəcik və video-çarx nümayiş etdirilib. Sonra Əməkdar artist, qiraət ustası Ağalar Bayramovun ifasında Xocalı haqda şeirlər dinlənilib. Sonda tələbələrin dünya ictimaiyyətinə müraciəti – “Xocalıya ədalət” adlı Petisiya təqdim edilib. Bakı Dövlət Univeristetinin başlatdığı bu Petisiyanı digər Azərbaycan Universitetlərinin de davam etdirilməsi yönündə işlər nəzərə çatdırılıb.
Nigar RÜSTƏMQIZI,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı