Gülnar Səma (Qasımlı Gülnar Vaqif qızı) 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olmuşdur. 2001-ci ildə “Mən sehrli səmayam”, 2011-ci ildə “İçimdəki söhbətlər” şeirlər kitabı çap olunmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan Ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. DGTYB-nin və 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. 2009-2014-cü illərdə Tovuz rayonunun Muncuqlu kənd ümumi-otra məktəbində müəllim işləmişdir. 2014-cü ildən “Hədəf” hazırlıq kurslarında müəllim işləyir. 2009 və 2014-cü il seçkilərində Tovuz rayonunun Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2015-ci ildə 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatına və diplomuna layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
“GÜL” də ilk kitabımın adı
Mən sehrli səmayam
Səma – sirli kainat,
Ay-ulduzlu məkandır.
Səyyarələr guşəsi,
Sehrli asimandır.
Mən də həmin səmayam,
Şeir ulduzum-ayım.
İstərəm ki, sehrimi,
Bütün dünyaya yayım.
İstərəm Günəş təki,
Bu dünyaya nur saçam.
Günəş kimi səhərin
Gözlərini mən açam,
Gecələr nurlandıran,
Həm ulduzam, həm ayam.
Günəşiylə nur saçan,
Mən sehrli Səmayam,
8.12.2000
“GÜL” növbəti kitabım
Tovuz
Bir adına min bir tərif yazılmış,
Səfalı, tərifli məkandır Tovuz.
Köksündə min şəfa bulağı qaynar,
Hər otu dərmandı, loğmandı Tovuz,
Özü oğuz yurdu, insanları türk,
Edər yağıları o bölük-bölük,
Uludan-uludur, böyükdən böyük,
Dərbənddir, Təbrizdir, Turandır, Tovuz.
Səma da doğulub türk torpağında,
Türklər vətənidir solun, sağın da,
Haçaqaya kimi uca dağında,
Türkün məşəlini sən yandır, Tovuz.
22.12.2000