28 Fevral bizim hər birimiz üçün möhtəşəm gün oldu, bizi Kitabevim kitab mağazasında (təşəkkür edirəm onlara) birləşdirən iki dəyər var idi:
Biri Aysel, biri isə kitab…
Mənim üçün Aysel kimdir?Aysel – Ay və Seldir! Ay kimi cəlbedici, valehedici, sevimli, gözəl, qaranlıqda işıq saçan, yolda mayak olan, ictimaiyyət və sosial toplum saydığımız insan okeanında qabarma və çəkilmələrə səbəb olan qadın, yazardır. Sel kimi isə cəsur, önündəki maneələri aşan, yuyub aparan, qorxmaz, mərd, cəsarətli, kəsərli sözü olan, aydın, təmiz, saf su kimi qəlbə malik olan bir xanım, yazardır…
İkinci dəyər olan kitaba gəlincə, həqiqətən də Günəşin düşmədiyi otaqlar var, cavabsız suallar, qaranlıq qalan mətləblər, susulması məsləhət bilinən məsələlər, işıqsız qalan yollar, sevgisiz qalan qəlblər kimi, antonimlər var, qaranlıq və işıq, sevgi və nifrət, yaxşı və pis, xeyir və şər kimi, qadın və kişi kimi…
Aysel xanım və onun yaradıcılığı ilə tanışlıq senzor.org saytı sayəsində olmuşdur.Rüfət Əhmədzadəyə minnətdaram. O saytda yerləşdirilən yazısı və piano arxasında güllü qırmızı don geyinmiş məsum və müsbət enerji, pozitiv verən bir xanım şəkli məni yaxşı mənada cəlb etdi, maraqlandırdı. Onun orada ardıcıl olaraq çıxan üç yazısını oxudum, çox bəyəndim “Çimərlik mədəniyyəti”, “Otel otaqları”, “Kirayələnmış fahişə” yazılarını çox sevdim, sosial şəbəkədə onu axtardım, tapdım, dostluq yolladım, bir həftə o, dostluğumu qəbul etmədi. Sonra isə qəbul etdi, biz dostlaşdıq, yazılarımızı oxuyub, müzakirə edirdik, oxşar fikirlər, düşüncələr, yazı tərzi və xarakterimiz bizi daha yaxınlaşdırdı, dost olduq, bacı olduq… Onun xətrini onu yaxından tanıdıqca, daha çox istəməyə başladım. Bir-birimizdən xəbərsiz bir-birimizi sayt redaktorlarına tövsiyyə edir, yazılarını yerləşdirirdik, ancaq sayta keçidi yollayırdıq sürpriz olaraq…
Aysel geniş qəlbə və tükənməz səbrə malikdir, operativdir. Yenibaxis.az saytının təsisçisi və baş redaktorudur, filoloq olmaqla yanaşı, oz bloq səhifəsi var bloqqer olaraq, ayselabdullazade.blogspot.com. Yazılarımı ilk olaraq, saytında yerləşdirən, redaktə edən, uzun yazılarımı səbrlə oxuyub, fikrini bildirən insandır, tənqidi də yerindədir, tərifi də…
Kitabı oxudum, çox sevinc, sevgi, maraq hissi ilə… Öz dəsti-xətti, üslübu ilə insanın ağlına və qəlbinə yol tapan yazılardır, düşündürən, yaşatdıran, hiss etdirən…
Oxumağa dəyər hər yazısını…
Bir çoxları yazılarına, hayqırtısına, qadın haqqlarını müdafiə etməsinə görə onu feminist və ya kişi düşməni saya bilər və yanılar… Onun ailəsində onun çox sevdiyi iki kişi var, Atası və qardaşı… Aysel, obyektiv insandır, düzü düz, əyrini əyri yazır, tənqid edəndə, qadınları da tənqid edir…
Ona bir yazıya, yazının başlığına görə qiymət verənlər, yazını oxumadan ancaq başlığa görə fikir bildirənlər, rəy və ismarıc yazanlar yanılırlar… Əslində, hər yazısında sevgi var, qayğı var, diqqət var, cəsarət, təbiilik, səmimilik var, məsumluq var… Ən əsası həqiqət var…
Rəsimlərində də rahatlıq, sevgi, gülüşündə səmimilik, baxışında dərinlik var… O, əsl qadındır… Yazılarının bir hissəsində yaşayan və yaşadan ictimaiyyət üçün bir az açıq, bir az qapalı insandır. Kitabı hər kəs oxumaq istər, amma onun dilini bilmək lazımdır, kitabda yazılanları anlamaq üçün hər sözü anlamaq, dərinliklərinə varmaq, o sözləri gerçəkləşdirib təxəyyülündə səhnələşdirmək lazımdır, sanki özünü o şeirdə yaşayan və yaşanılanların yerinə qoyursan, 3 d və 4 d effekti kimi… Bu qədər real, bu qədər canlı…
Şərqdə qadın olmaq çətindir, cəmiyyət, ictimai rəy və qınağa görə… Qadın doğulmamış, doğulanda da bəzi ailələrdə problem yaradır, yaşayır… Qadın ikinci insan kimi qəbul edilir hələ də… Qadının problemləri çoxdur, qadın doğulmaq çətindir əslində… Qadın doğulduğu andan mübarizədədir əslində… Qadına qoyulan tabu, məhdudiyyət, qadağalar, adlar, vurulan damğalar, atmacalar, haqsız qınaqlar, “olmaz”lar qadının təbii simasını dəyişməkdədir, qadın sıxıldıqca, təzyiqlərə məruz qaldıqca, deformasiyaya uğrayır sanki, o qədər dəyişir ki, süniləşir…
Aysel xanım, qorxmadan, çəkinmədən aktual sosial problemləri gündəmə gətirir, gündəlik həyatımızda yaşadıqlarımızı qələmə alır… Əslində, çətin nəsə yoxdur, hər şey, dili belə anlaşılandır, yadda qalandır və özünü sevdirəndir…
Paxıl insan deyiləm, yazar, tənqidçi kimi mübarizəmə tək çıxmışdım, zərbələr mənə gəlirdi, dəstəyim az idi, çox sevinirəm ki, Aysel və onun kimi cinsindən asılı olmayaraq, həqiqəti yazmağı bacaran digər yazar dostlarım- Elməddin Rahiboğlu, Kamran İsmayılzadə, Tural Sahab, Mələk Heydərova, Fatimə Hacıbəyli, Vasif Ayan var, güc birlikdədir, biz mübarizəmizdə tək deyilik, əbəs deyildir…
Bir yazımda yazmışdım, insanlar kitab kimidir, Aysel maraqlı, yeni məlumatlarla dolu, söz ehtiyatı olan, oxunaqlı, zəngin, dəyərli insan kitabdır, tənqidim odur ki, kitabın kiçikdir, yazıların az deyildir axı… Sən bitməz tomları olan ensiklopediyasan, kitabın da həcmcə böyük olmalıdır.
Onun yaradıcılığında xüsusilə sevdiyim şeirlər var, sanki özümə çox yaxındır, sanki özümü görürəm…
Güclü qadınlar bağışlamaz- bu fikirlə razıyam, güclü qadınlar bağışlamır, unutmur, sadəcə biganə olur və həyatına davam edir;
Sevdiyim ikinci kişisən- söhbət ilk kişi olaraq atadan gedir, qız övladı doğulanda ilk sevdiyi və bağlandığı kimi onun atasıdır, sonra sevgilisi-həyat yoldaşı, uşaqlarının atası;
Gedənlər həmişə unudanlar olmur- çox vaxt kimdən gedirsənsə, o, unudur, gedənlər getsə də, unuda bilmir, nə yaxşını, nə də ki, pisi…
Mən öldürdüyünüz qadınam- şərq dünyasında aktual problem olan-qadınla bağlı problemlər öz yerini tapmışdır;
Göz yaşlarım- düşündürücü, maraqlı yazıdır, eyni adlı yazımı-nəzirəmi yazmağa sövq etdi məni;
Həyat- Həyat dediyim yazısını nəzirə olaraq yazmağa ruhlandırdı məni;
Səninlə yaşlanmaq istəyirəm- hər bir kəs ömrünün sonuna və ölənədək sevəcəyi bir insanın olmasını və onunla yaşlanmaq istəyir. Bu hər bir kəsin arzusudur cinsindən asılı olmayaraq;
Baxış bucağı-çox maraqlı, düşündürücü, əsas problemləri, insanların düşüncələrini əks etdirən yazıdır;
Qadınam mən-çox doğru şəkildə vurğulanmış və cəsur etiraf və çağırışdır;
Məni aldatmaq asandır-sevən və sevməyi bacaran, saf qəlbli insanları sevən zaman aldatmaq çox asandır;
İnsan sifətləri-çox maraqlı, gerçəkliyi əks edən yazıdır;
Hər şey eynidir… Hər şey fərqli-bəzən elə olur ki, həyatımız və özümüzün fərqli olduğunu düşünürük yanlı olaraq, əslində eynidir, eyniyik, bəzən isə eyni olduğumuzu düşünürük, eynidir həyatımız, yanılırıq, əslində, fərqliyik, fərqlidir həyatımız. Hər şey eyni olduğu qədər də fərqli ola bilər və ya əksinə;
Qadın özləmi-qadın sevərsə, gözləyərsə, səbr edər. Səbri tükənməsin təki;
Sona çatmaq yenidən başlamaqdır-hər son yeni bir şeyin başlanğıcıdır;
Sənə inanmaq-hər kəs inanmaq istəyir, aldanmamaq istəyir;
Sonra get-çox cəsarətli bir çağırışdır, “get” sözünü hər kəs cürət etmir deməyə… Tənhalıqdan qorxur bəziləri, bəzisi isə atılmaq, unudulmaq istəmir. Gedəni sağlamazlar;
Get;
Bir qadını olmalı kişinin- qaın və kişi tərs mütənasib, antonim olsa da, bir-birini tamamlayır, hər bir kişiyə qadın, hər bir qadına bir kişi lazımdır;
Bir kişisi olmalı qadının.
Bu tədbirə gələn hər kəsə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Kitabı sevən, mütaliə edən, ziyalı və yaradıcı insanları, onlara dəstək olanları xüsusilə vurğulamaq istəyirəm “təşəkkür ismarıcım”da.
Aysel, valideynlərinə təşəkkür edirəm, vətənimizə belə layiqli, manqurtlaşmayan, vətənini, soykökünü unutmayan, sevən, zəngin mənəvi dünyaya, bitməz enerjiyə və söz ehtiyatına malik olan insan dünyaya gətirdiklərinə, bizi sevindirdiklərinə görə. Təşəkkür edirəm ki, bu gündə səni tək qoymadı ailən, bacın da, qardaşın da gəldi bu xoşbəxt gününə.
Aysel, sənə təşəkkür edirəm, mənə olan etibar, sevgi, qayğı, diqqətinə görə, məsuliyyətli iş olan təqdimatında giriş sözü demək və iki saatlıq təqdimatını aparmaq çox sevincli, fəxr edici bir işdir, həm də çox məsuliyyətli, ciddi… Həyəcanlı idim, kövrəlirdim, ağlamaq istəyirdim sevincimdən, güclə saxlayırdım özümü…
Aysel xanımı ilk kitabını çıxartması münasibətilə təbrik edirəm və uğurlar diləyirəm…